Accessibility links

Naxçıvanın Bənənyar kəndindəki insidentə diplomatik baxış


Naxçıvanın Bənənyar kənd camaatının yerli hüquq-mühafizə orqanlarının təzyiqinə məruz qalması diplomatik qalmaqala da səbəb olub. Belə ki, yanvarın 13-də Amerika və Norveçin Azərbaycandakı səfirliklərinin diplomatları kəndə gedərkən bir qrup insanlar kəndin girişində onların olduğu avtomobili saxlayıb, diplomatları hədələyib, kənd sakinləri ilə hər-hansı əlaqə yaratmadan, kəndi tərk etməyə məcbur edib.
Amerika və Norveç səfirlikləri bununla bağlı birgə bəyanatla çıxış edib və
Azərbaycan hökumətini Bənənyar kəndində baş verən insidenti tam şəkildə araşdırmağa və Azərbaycanda çalışan xarici diplomatların təhlükəsizliyini təmin etməyə çağırılıb.
Bu gün isə Norveçın Azərbaycandakı səfiri Con Ramberq və Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub.
Xarici işlər nazirinin müavini Vaqif Sadıqov məsələ ilə əlaqədar araşdırmaların aparıldığını deyib, Norveç və ABŞ diplomatlarının bu səfər zamanı akkreditə olunmuş ölkədə davranış normalarına zidd və 1961-ci il “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətləri ilə bağlı Azərbaycan tərəfinin narazılığını bildirmişdir.
Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə bəzi dövlətlər tərəfindən Azərbaycanda baş verən ayrı-ayrı hadisələrin məhz insan haqlarının pozulması kimi qələmə verilməsi və belə halların siyasiləşdirilməsi cəhdləri qəbuledilməz kimi qiymətləndirilib. Xarici diplomatların belə hərəkətləri ölkələr arasındakı münasibətlərin səviyyəsinə uyğun olmadığı və onların inkişafına xələl gətirə biləcəyi barədə xəbərdarlıq edilib.

XS
SM
MD
LG