Accessibility links

Əli Kərimli: 2009-cu ildə Azərbaycan uğura imza ata bilməyib


Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “Amerikanın səsi” radiosuna müsahibəsində 2009-cu ilin siyasi və iqtisadi yekunlarından danışıb. Onun fikrincə, iqtidar 2009-cu ildə siyasi, iqtisadi və xarici siyasət sahəsində uğurlara imza ata bilməyib, Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyiş əldə edilməyib. O 2009-cu ili müxalifət üçün də uğursuz il sayır və AXCP-nin 2010-cu il parlament seçkilərində iştirak edəcəyini bildirib.

Sual: 2009-cu ilin siyasi yekunlarını necə qiymətləndirirsiniz? Ötən il iqtidarla müxalifət münasibətlərində hansı yeniliklər olub?
Cavab: 2009-cu il xalqımızın tarixinə uğursuz və itirilmiş illərdən biri kimi düşdü. İqtisadi, siyasi, sosial sferada, xarici siyasət sahəsində Azərbaycan qarşısında duran vəzifələrin heç birinin həyata keçirilməsinə nail ola bilmədi.
Ötən il çox ciddi siyasi geriləmələrlə xarakterizə olundu. Martın 17-də keçirilən referendum bir nəfərin qeyri - məhdud müddətə hakimiyyəti əlində saxlamasına yaşıl işıq yandırdı. Konstitusiyaya düzəlişlər İlham Əliyevin hətta ömürlük də belə, hakimiyyətdə qalması üçün hüquqi mexanizmi yaratdı. Bələdiyyə seçkiləri faktiki olaraq, indiyədək keçirilən bütün seçkilərin ən qeyri - demokratiki oldu. Çoxpartiyalılıqdan imtina ilə xarakterizə olundu, bir partiyalı seçkilər oldu. Demək olar ki, heç bir rəqabət şəraiti olmadan keçirildi.
İl ərzində söz və mətbuat azadlığına basqılar davam etdi. 2007 - 2008-ci ildə həbs edilmiş baş redaktorlar, gənclər, digər siyasi məhbuslar həbsdə qaldı. Bu il gənc blogerlər həbs olundu və siyasi məhbusların sayı xeyli artdı.
Bu il siyasi baxımdan Azərbaycanın daha da qeyri-demokratikləşdiyi, söz və mətbuat, seçki, insan hüquq və azadlıqlarının məhdudlaşdırıldığı bir il kimi xarakterizə olundu . Beynəlxalq təşkilatlar da artıq Azərbaycanda davamlı avtoritar rejimin yarandığını bəyan etdi.
İl iqtisadi baxımdan uğursuzluqla xarakterizə olundu. Büdcə gəlirləri 18 faiz azaldı, gələn il də büdcə gəlirləri 17 faiz, yəni 2 milyard manat civarında azalacaq. Təkcə bu rəqəm Azərbaycanda iqtisadi böhranın nə qədər dərin olduğunun göstəricisidir. İl ərzində vergilər 40 faiz kəsirlə toplandı, xarici ticarət dövriyyəsi 3 dəfə, xarici sərmayələr xeyli dərəcədə azalıb, yüz minlərlə insan işsizlər ordusuna qatılıb.
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində heç bir uğur qazanılmadı. Danışıqlar davam etdirilsə də, bu danışıqlar nizamlanmaya bizi yaxınlaşdıra bilmədi. Əksinə, il ərzində Azərbaycanın beynəlxalq mövqeyi daha da zəiflədi. Bizim əvəzedilməz müttəfiqimiz olan Türkiyə ilə münasibətlərimizdə xeyli problemlər yaşandı. Azərbaycan bir sıra beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağla bağlı gözlədiyi dəstəyi ala bilmədi. Bütövlükdə, il xarici siyasət sahəsində də uğursuz oldu.
Ölkədə sosial problemlər daha da dərinləşdi. İl ərzində əmək haqları artırılmadı, yaşayış daha da çətinləşdi.
Sual: 2009-cu ildə müxalifətin uğurları nədən ibarət olub? Etiraf edək ki, müxalifət də bütün bu hadisələrin fonunda siyasi etirazlar nümayiş etdirmədi.
Cavab: Hesab edirəm ki, 2009-cu ildə müxalifətin uğurlarından danışmaq bir az yersizdir. Əgər ölkə başdan-ayağa uğursuzluq içindədirsə, müxalifətin də hər hansı uğurundan danışa bilmərik. Bütövlükdə ölkədəki uğursuzluqlar müxalifəti də əhatə edir. Düzdür biz cəhd etdik ki, referenduma qarşı müxalifətin birgə etirazını təşkil edək, bu istiqamətdə müəyyən addımlar atdıq. Amma, bütövlükdə ölkədə müxalifət üçün də uğursuz bir il oldu.
Sual: 2010-cu il parlament seçkiləri ilidir. Müxalifət gələn il nə planlaşdırır və 2010-cu ildə uğurunu nədə görür?

Cavab: 2010-cu ildə müxalifətin müəyyən optimizmi, gözləntiləri var. Biz 2010-cu ildə müxalifətin parlament seçkilərində daha fəal iştirak etməsinə çalışacağıq. Müxalifətin daha uğurlu birlik konfiqurasiyasını tapmaq, əhalini seçkilər zamanı daha da fəallaşdırmaqla bağlı planlarımız var. Ümidimiz var ki, Azərbaycan cəmiyyətində müəyyən aktivlik yarada biləcəyik.
Sual: AXCP parlament seçkilərində iştirak edəcəkmi?
Cavab: Bəli, parlament seçkilərində iştirak edəcəyik və seçkilərlə bağlı çox ciddi planlarımız var.


XS
SM
MD
LG