Accessibility links

Dəyirmi Masa: İranda siyasi təlatüm


Bitməkdə olan 2009-cu il İranda təlatümlü keçdi. İyunda keçirilən prezident seçkilərinin ardınca aparıcı islahatyönümlü namizəd Mirhüseyn Musəvinin tərəfdarları seçki nəticələrinin saxtalaşdırıldığını əsas tutaraq kütləvi nümayişlərə başladılar. İlin sonunadək isə artıq seçki etirazları iranda nəhəng anti-rejim hərəkatına çevrilmişdi. Elə ötən günlər ərzində İranda azadlıqsevər insanlar İslamçı rejimin polis qüvvələri ilə üz-üzə gələrək itkilər verdilər. Şiddətli siyasi basqılar isə ölkədə hələ də davam edir. Bu mövzuda diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə politoloq Qabil Hüseynli və Kanadada qərargahlanan əməkdaşımız İnsafəli Hidayəti dəvət etdik.

Ötən həftənin hadisələrini şərh edən Qabil Hüseynli bildirdi ki, İran xalqı rejimdən ciddi şəkildə narazıdır və illərdən bəri artan narazılıq özünü iri şəhərlərin küçələrində büruzə verməkdədir. Onun sözlərinə görə xalq qəzəbi təkcə hakimiyyətdaxili yerdəyişmələrlə kifayətlənmək niyyətində deyil, və bütünlükdə rejimə qarşı yönəlib. İranda mövcud olan teokratik rejimdən təngə gələn insanlar köklü dəyişikliyə can atırlar və bu yolda onların apardıqları mübarizə artıq qanlı müstəviyə keçib. Aşura günü Tehran küçələrində baş verən iğtişaşları şərh edən İnsafəli Hidayət bildirdi ki, Ayətullah Əli Xameneyi və onun tərəfdarları rejimin devrilə biləcəyindən qorxuya düşüblər. Bu üzdən son günlər nümayişçilərə qarşı daha sərt metodlara əl atılır. İnsafəli Hidayətin sözlərinə görə artıq nümayişçilərə qarşı təkcə Bəsic və İnqilab Keşikçiləri Qvardiyasından yox, həm də ağır silahlanmış polis və ordu qüvvələrindən istifadə edilməsi nəzərdən keçirilir.

İranın mərkəzində cərəyan edən etiraz dalğasının İran Azərbaycanında və başqa qeyri-fars millətlərin məskunlaşdığı bölgələrdə kifayət qədər hiss olunmamasına toxunan İnsafəli Hidayət bildirdi ki, tarixən azərbaycanlılar İranda baş verən inqilabi hərəkatların ön cərgəsində gediblər. Lakin sonda inqilabların heç bir azərbaycanlılara milli mədəni hüquqlar bəxş etməyib. Politoloq Qabil Hüseynli isə hesab edir ki, əvvəlki aylarla müqayisədə azərbaycanlılar daha çox aktivlik göstərməyə başlayıblar. Onun sözlərinə görə ilk əvvəl İranda cərəyan edən siyasi qarşıdurma saraydaxili çəkişmələr kimi qiymətləndirilirdi. İndi isə bir çoxları dərk edir ki, İranda baş verə biləcək rejim dəyişikliyindən bu ölkənin bütün vətəndaşları faydalana bilər.

XS
SM
MD
LG