Accessibility links

Azərbaycanda bələdiyyə seçkiləri keçirilib


Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Səsvermə 118 seçki dairəsinin 4 813 seçki məntəqəsini əhatə edib. Seçkilərdə 1 718 yerli özünüidarə orqanında 15 682 yer uğrunda 31 861 namizəd mübarizə aparıb. 16 755 namizəd siyasi partiyalar tərəfindən irəli sürülüb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiləri 50 minə yaxın yerli, 52 beynəlxalq müşahidəçi, o cümlədən Avropa Şurasının və Avropa İttifaqının nümayəndələrinin izlədiyini bildirib.
İqtidarda olan “Yeni Azərbaycan” partiyası və Mərkəzi Seçki Komissiyası səsvermə zamanı qanun pozuntularının qeydə alınmadığını, müxalifət və müstəqil müşahidəçilər isə minlərlə pozuntunu qeydə aldığını bəyan edib. Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov “Amerikanın səsi” radiosuna səsvermənin qanunauyğun və rəvan keçdiyini bildirib.
Müxalifətdə olan “Müsavat” partiyasının başqanı İsa Qəmbər bu seçkini “Azərbaycanın müstəqillik tarixində ən biabırçı seçki” adlandırıb. Onun fikrincə, demokratik qüvvələr gələn il keçiriləcək parlament seçkilərinin də, belə keçirilməsinə imkan verməməlidir.
“Ümid” partiyasının sədri İqbal Ağazadə partiyanın müşahidəçiləri tərəfindən əksər seçki məntəqələrində qanun pozuntularının qeydə alındığını deyir.
Mən də, bu gün çoxsaylı seçki məntəqələrində müşahidəçilər və seçicilərlə söhbətlər aparmışam. Maraqlıdır ki, paytaxtın mərkəzində seçki məntəqələrində belə müxalifəti təmsil edən müşahidəçilərlə rastlaşmaq mümkün olmayıb. Müstəqil müşahidəçilər səsvermənin normal keçdiyini deyib.
Seçicilərin bir çoxu səsvermədə iştirak etməyəcəyini bildirib. Səsvermədə iştirak edənlərin əksəriyyəti isə kimə səs verəcəyini müəyyənləşdirməyin çətin olduğunu deyib, çünki təbliğat işləri zəif olub.



XS
SM
MD
LG