Accessibility links

Bakıda 21 Azər Hərəkatının ildönmümü qeyd edilir


Dünya Azərbaycanlıları Konqresi Bakıda Güney Azərbaycan milli hökumətinin qurulmasının 64-cü ildönümü ilə bağlı dəyirmi masa keçirib. Tədbirdə “21 Azər hərəkatı” kimi tanınan milli hökumətin İranda yaşayan azərbaycanlıların ictimai-siyası həyatındakı rolundan danışılıb.
1945-ci il dekabrın 12-də İranın şimalında Güney Azərbaycan Milli Hökuməti elan olunub. Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hökumət 1946-cı ilin dekabrında süquta uğrayıb. Belə ki, İran ordusu milli hökumətin paytaxtı Təbriz şəhərini ələ keçirib və hökumətin çoxsaylı üzvləri güllələnib. On minlərlə insan mühacirətə gedib.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə bildirib ki, Pişəvəri hərəkatı demokratik, azadlıqsevər və insan haqlarını özündə ehtiva edən bir hərəkatdır. Onun fikrincə, Azərbaycan Milli Hərəkatı ideyası bu gün də yaşayır. “Hazırda İranda durum ağır olsa da, dini rejim azərbaycan milli hərəkatına qarşı birləşə bilir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiasının sədri, millət vəkili Qüdrət Həsənquliyev hesab edir ki, böhran burulğanında olan İranı Azərbaycan Milli Hökumətinin 1945-ci ildə həyata keçirdiyi islahatların davam etdirilməsi xilas edə bilər. “Milli hökumət xalqlara siyasi, sosial, iqtisadi, təhsil və mədəni azadlıqlar élan etmişdi. Amma, İranın siyasi rejimi indi də bu azadlıqları təmin etmir”.
Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlunun fikrincə, azərbaycanlılar İranda prezident seçəcək qədər səsə malikdir. “Onlar bu birlikdən milli haqlarının qazanılması uğrunda istifadə etməlidir. Milli haqların qazanılması isə Pişəvəri ideyalarının davam etdirilməsindən keçir”.
Təbrizdə nəşr olunmuş “Şəmsi Təbriz” qəzetinin yazarı, filosof Məhəmməd Rza Ləvainin fikrincə, Peşəvəri hərəkatı Azərbaycan xalqı üçün mübarizə istiqamətidir və o bu gün davam edir. “Azərbaycan Milli Hökumətinin süquta uğramasından qorxmaq lazım deyil. Bu hərəkat cəmiyyətə azadlıq, demokratiya istiqaməti verib”.



XS
SM
MD
LG