HARAY-ın bu günkü qonağı Prezident Yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevdir. O Amerikanın səsinə verdiyi müsahibədə qeyd edib ki, İranda yaşayan azərbaycanlıların qeyri-hökumət təşkilatları ilə Azərbaycan Respublikasındakı oxşar qurumlar arasında əməkdaşlıq yüksək səviyyədə deyil.
Sual: Qeyri-hökumət təşkilatlarında İranda yaşayan azərbaycanlılara münasibət necədir? Yəni bu gün Azərbaycandakı qeyri-hökumət təşkilatları İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı hansı işləri həyata keçirir.
Cavab:Təəssüf ki, bu gün bizim qeyri-hökumət təşkilatlarının İranda fəaliyyət göstərməsi üçün münbit şərait yoxdur. Bu bizim tərəfdən qaynaqlanmır, bu, əsasən İran tərəfindən qaynaqlanır. İranda olan mövcud siyasi rejim bu cür açıq fəaliyyətə o qədər də isti yanaşmır, xüsusilə azərbaycanlılarla bağlı olan məsələlərdə çox repressiv bir mövqe tutub. Orada yaşayan 30 milyonluq azərbaycanlının da sözsüz ki, orada yaratdığı QHT-lər var. Düzü bu statistika da bizdə yoxdu. Bu gün biz İranla bir çox sahələrdə əməkdaşlıq edə bilərik. Onlardan birincisi məhz insan hüquqlarının müdafiəsidir. Orada azərbaycanların ən adi haqları tapdalanır: Təhsil, dil, siyasi hüquqlar və s. Bu baxımdan Azərbaycan İranın açıq cəmiyyət qurması istiqamətində müəyyən dəstəyini verməlidir.
Sual: İranda yaşayan azərbaycanlıların Qeyri- hökumət təşkilatları ilə Azərbaycan Respublikasındakı qeyri-hökumət təşkilatları birgə forumlar, birgə konfranslar keçirirmi? Əməkdaşlığın vəziyyəti necədir? İki dövlətin marağında olan mövzularda birgə konfranslar dəyirmi masalar keçirilirmi?
Cavab: Təəssüf ki keçirilmir. Bu bizim zəif tərəflərimizdən biridir. Bəlkə də heç Azərbaycan tərəfindən də bununla bağlı ciddi təşəbbüslər olmayıb. Bu müəyyən mühitin olmamasında qaynaqlansa da, istənilən halda bu cür ideya ətrafında hər iki ölkənin vətəndaş cəmiyyətlərinin bir araya toplanması çox vacibdir.
Sual: Azərbaycan prezidenti Dünya Azərbaycanlılarının Qurultayında bəyan etdi ki, o 50 milyonluq azərbaycan xalqının prezidentidir. Və təbii ki, bu xalqın böyük əksəriyyəti siz dediyiniz kimi İranda yaşayır. Qeyri-hökumət təşkilatlarına dəstək şurası Dünyada yaşayan azərbaycanlılarla bağlı layihələr həyata keçirirmi? İndiyə qədər nə qədər layihəni maliyyələşdirib?
Cavab: Prezidentin bu fikri coğrafi anlamda yox, tarixi anlamda ifadə olunan bir fikri idi.O ki qaldı Dövlət Dəstəyi Şurasının bu istiqamətdəki fəaliyyətinə, biz dünya azərbaycanlılarının fəallaşması ilə bağlı müəyyən işlər görülməsini çox istərdik. Biz birbaşa bu cür layihələri dəstəkləyə bilmirik . Burada iki səbəb var. Birincisi biz yalnız Azərbaycan daxilindəki QHT-lərə maliyyə ayıra bilirik. İkincisi bu gün Diaspora ilə İş üzrə dövlət komitəsi fəaliyyət göstərir. Bu, bilavasitə dövlət komitəsinin səlahiyyətində olan məsələdir.
Sual: Bu gün Azərbaycanda sivilizasiyalarla bağlı çoxsaylı konfranslar keçirilir. Təbii ki, sivilizasiyalar arasında konfranslar oldu-olmadı həmişə dialoq var yəni azərbaycanlılar İranda olan ədəbiyyatı oxuyurlar, İranda olanlar Azərbaycan ədəbiyyatını oxuyurlar və digər millətlər də həmçinin. Yəni rəssamlar onların rəsm əsərlərinə bizdə baxırlar, İranda bizim rəsm əsərlərimizə baxırlar, musiqi əsərlərimiz də eyni. Belə mədəniyyət sahələri ilə bağlı, tədbirlərin keçirilməsi, onların maliyyələşdirilməsi mümkündürmü?
Cavab: Şübhəsiz, Azərbaycanın tanınmasına xidmət edən bütün təşəbbüsləri dəstəkləyirik. Əlbəttə İran dövlətinin çox qədim tarixi var, Azərbaycanla İranı birləşdirən çox ciddi nöqtələr var: tarixi, mədəniyyət, dil, etnik baxımdan bizim üst-üstə düşən nöqtələrimiz var. Bunların öyrənilməsi, hər iki toplumun bir-birinə yaxınlaşması – söhbət əlbəttə ki siyasi yanaşmalardan getmir – lazımdır. Bu istiqmətdə böyük iş görmək lazımdır. Həqiqətən də buna böyük ehtiyac var. Burada yalnız QHT-lər rol oynamamalıdır.