Accessibility links

Sabir Rüstəmxanlı: Son on illiklərdə İranda  yaşayan milyonlarla azərbaycanlının vəziyyətində heç nə dəyişməyib


Dünya Azərbaycanlıları Konqresinin sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, İranda prezident seçkiləri və son on illiklərdə rejim dəyişiklikləri orada yaşayan milyonlarla Azərbaycanlının taleyində heç nəyi dəyişməyib. Cənab Rüstəmxanlı son zamanlar İranda yaşayan azərbaycanlıların mövcud ağır durumu ilə bağlı İranın ali dini liderinə açıq məktubla müraciət etdiyini və Azərbaycan hökumətinin mövqeyini tənqid edən məqalə ilə çıxış etdiyini bildirib. O Azərbaycan Milli Elmlər Akademiyası nəzdində “Cənubi Azərbaycan” institutunun yaradılmasını təklif edir. Müsahibənin tam mətnini təqdim edirik.

Sual: İranda yaşayan azərbaycanlıların mövcud durumunu necə qiymətləndirirsiniz, xüsusilə də prezident seçkilərindən sonrakı durumu?

Cavab: Güney Azərbaycan problemi mövsumi bir məsələ deyil. Seçki Güney Azərbaycanın taleyində heç nəyi dəyişmir. Seçki ümumiyyətlə, İran vətəndaşlarının mövcud rejimdən narazı olduğunu göstərdi, amma külli halda Güney Azərbaycanlıların taleyi əvvəlki kimi davam edir. Hər gün İranda bütün etnik xalqlar zorakılıqlara məruz qalır. Bu rejim İrandakı bütün millətlərə, hətta farslara da divan tutur. 1946-cı ildən İranda rejimlər dəyişir. Əslində bunların hamısı şəklin dəyişməsidir, mahiyyət isə dəyişmir.

Sual: Siz son dövrlər həm İranın ali dini rəhbərinə açıq məktubla müraciət etdiniz, həm də bu günlərdə yerli mətbuatda sizin məqaləniz dərc edildi və hər iki yazıda İranda yaşayan azərbaycanlılarla bağlı ciddi problemlər qaldırılıb. Həmin problemlərin həllini necə görürsünüz?

Cavab: Bəli, mənim İranın ali dini rəhbəri Xameneyi cənablarına məktubum olub: düzdü bu məktubu İran tərəfində düşmənçilik kimi qəbul etdilər. Mən real vəziyyəti yazmışdım. Cənab Xameneyi ilə bir neçə dəfə görüşmüşəm və belə görüşlərimizdən xoş təəssüratım qalmışdı. O, xoş təəssüratlarla yazılmış məktublar idi ki, siz də türksünüz, azərbaycanlısınız, bu vəziyyətə dözmək olmaz, bu nə qədər davam edəcək. Sonra bu günlərdə yerli qəzetlərdən birində “Biz və başqaları” adlı başqa bir yazım da çıxdı. Orada da İranla, İran Azərbaycanlıları ilə bağlı qeydlərim var. Burada artıq bizim dövlətə tənqid ünvanlanıb. Orada yazıram ki, bizim İranda yaşayan azərbaycanlılarla bağlı aydın bir siyasətimiz olmalıdır. Biz İranla qonşuluq münasibətlərinin inkişafının tərəfdarıyıq - xoş münasibətlərin, viza rejiminin götürülməsinin tərəfdarıyıq. Ancaq eyni zamanda İran dövləti ilə xoş münasibətə orada yaşayan azərbaycanlıları qurban verə bilmərik. Orada yaşayan qardaşlarımızın adi insani haqları pozulur: ana dilində məktəbi yox, mətbuatı yox, Azərbaycan ərazilərində yer adları dəyişdirilir, mədəniyyət abidələri dağıdılır, hətta arxeoloji tapıntılat olur və bütün dünya müzeylərinə yayılır, ancaq orada Azərbaycanın adı olmur. Beləliklə 35 milyonluq bütöv bir xalq assimilyasiya təzyiqi siyasəti altındadır. Bizim heç olmasa Azərbaycan dövləti olaraq bu məsələdə aydın mövqeyimiz olmalıdır. Biz İrana deməliyik ki, biz sizin daxili işlərinizə qarışmırıq, ancaq orada yaşayan mənim xalqımdır, bizim tariximiz birdir, bu tarixi gəlin bir yerdə öyrənək, müəyyən ədəbiyyatı bir yerdə nəşr edək, gərəkirsə biz onların tədrisinə, təhsilinə, inkişafına müəyyən yardımlar göstərək. Ona görə mən hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində bir Güney Azərbaycan İnstitutu açılmalıdır.

Sual: Dünya Azərbaycanlılarının son qurultayında Azərbaycan Respublikasının hazırki prezidenti bəyan etdi ki, mən bütün azərbaycanlıların prezidentiyəm. Bu bəyanatdan sonra BMT-də hətta İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələdə Azərbaycan Respublikası onun lehinə səs vermədi. Yəni bu təzadlı münasibətlər sistemində Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılara münasibətinə sizin fikirləriniz necədir?

Cavab: Əlbəttə, prezidentin o fikri çox cəsarətli bir fikir idi. Doğurdan da Azərbaycan Respublikası getdikcə bütün dünya azərbaycanlılarının bir ümid yerinə çevrilir. Təhsil almaq, bayramlar, investisiya yatırmaq üçün bura gəlmək istəyirlər. Ancaq təəssüf ki, Azərbaycan Respublikasındakı bəzi bürokratik əngəllər, hətta müəyyən qanun boşluqları, müəyyən idarələrdə bəzi məsələlərə subyektiv yanaşma işə mane olur. Biz İranda yaşayan gəncləri burada oxutmaq üçün müəyyən güzəştli şərtlər tətbiq etməliyik.

XS
SM
MD
LG