Accessibility links

Bakıda sivilizasiyalararası dialoq konfransı keçirilir


Bakıda İslam Konfransı Təşkilatının 40 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda ikigünlük beynəlxalq konfrans açılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının təşəbbüsü ilə keçirilən konfransda 200-dən çox elm və dövlət xadimi, ekspertlər iştirak edir.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, konfransda sivilizasiyalararası dialoqun gücləndirilməsi və dinlərin münaqişələrin həllində rolu məsələləri müzakirə edilir. “İslam Konfransı Təşkilatı artıq dövlətlərarası təşkilata çevrilib. Beynəlxalq sülhün, təhlükəsizliyin bərqərar olmasına və inkişafa xidmət edir. Təşkilat xüsusilə son 10 ildə beynəlxalq dialoqa böyük təkan verir”.
Onun dediyinə görə, İslam Konfransı Təşkilatı Dağlıq Qarabağla bağlı məsələni hər dəfə gündəliyinə daxil edib. “BMT ilə münasibətlərində bu məsələ həmişə mühüm mövzu olub. Qurum Azərbaycanın işğal olunmuş ərazilərində mədəniyyət abidələrinin dağıdılmasını pisləyib”.
O, Azərbaycanın da İslam Konfransı Təşkilatı çərçivəsində sivilizasiyalararası dialoqun genişləndirilməsinə mühüm töhfələr verdiyini xatırladıb. “Mədəniyyətlərarası, dinlərarası dialoqun inkişafı Azərbaycanın prioritetinə çevrilib”, - deyə o qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edib ki, İKT xətti ilə Azərbaycanda çoxsaylı tədbirlərin keçirilməsi bu təşkilatın Azərbaycana diqqətinin nəticəsidir. “Sivilizasiyalararası dialoqun Bakıda keçirilməsi Azərbaycanın müsbət təcrübəsindən qaynaqlanır. Azərbaycan dinlərarası dialoq sahəsində modern dünya üçün model ölkədir. Bütün dünya sivilizasiyalararası dialoqdan faydalanmalıdır”.
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun fikrincə, Bakı artıq böyük sivilizasiyalar arasında dialoqda bir simvola çevrilib. “Azərbaycan mədəniyyət müxtəlifliyinə malik ölkədir”.
Baş katib qurumun əsas fəaliyyətinin fanatizmə, ekstremizmə qarşı yönəldiyini deyib. “İslam Konfransı Təşkilatının fəaliyyəti insanların ictimai inkişafına, elm və təhsilin tərəqqisinə, islam-qərb dialoqunun dərinləşməsinə, insan haqlarının müdafiəsinə yönəlib”.
Konfrans islam geosiyasəti, etiqadlararası dialoqun problemləri, dini və mədəni müxtəliflik məsələləri ilə bağlı sessiyalarla davam edir.


XS
SM
MD
LG