ABŞ-ın yüksək rütbəli elçisi Vaşinqtonun Birma ilə əlaqələri yaxşılaşdırmağa hazır olduğunu deyib. Lakin o, əlavə edib ki, hərbçilərin idarə etdiyi ölkə demokratiya istiqamətində irəliləyişlər etməsə Amerika sanksiyaları aradan qaldırmayacaq. Cümə axşamı Banqkokda müxbirlərlə danışan ABŞ-ın ASEAN-dakı səfiri Skott Marsiel deyib ki irəliləyişin başlıca əlaməti Birmada müxalifət, hərbi hökumət və etnik azlıqlar arasındakı danışıqlar ola bilər. O, Birma liderlərini gələn ilin seçkilərindən öncə müxalifətdə olan Demokratiya Uğrunda Milli Liqa ilə dialoq aparmağa çağırıb. Marsiel və Dövlət Katibinin yardımçısı Kurt Kambell çərşənbə axşamı və çərşənbə günü Birmanı idarə edən generallarla görüşüblər. Bu, Amerikanın Birma rəsmiləri ilə son 14 ildə qurduğu ən yüksək səviyyəli təmaslar idi.