Accessibility links

Türkiyə-Ermənistan sərhədi və Dağlıq Qarabağ münaqişəsi


Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesi, son dövrlər regionda baş verən dəyişikliklərlə bağlı bəyanatlarla çıxış edib. Prezident Ermənistanın son danışıqlarda qəsdən vaxtı uzatmaq taktikasına əl atdığını və əvvəllər razılaşdırılmış məqamlara yenidən qayıtdığına işarə edib. Dövlət başçısı eyni zamanda, Ermənistanı praktiki addımlar atmağa, işğal altında olan ərazilərdən qoşunları çıxarmağa çağırıb.
Cənab Əliyev bölgədə status-kvonun Azərbaycanın maraqları hesabına dəyişə bilməyəcəyini bəyan edib. Onun fikrincə, bölgədəki hər hansı beynəlxalq layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz.
Dövlət başçısı Türkiyə-Ermənistan sərhədləri açılmazdan öncə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vacibliyini diqqətə çatdırıb. “ Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq”-deyə prezident xəbərdarlıq edib.
Prezidentin bəyanatları müxalifətdə olan siyasi partiyalar və müstəqil politoloqlar tərəfindən ciddi tənqidlə qarşılanmayıb. Politoloq Rasim Musabəyov hesab edir ki, hazırda danışıqlar ciddi mübahisələr dövrünü yaşayır. Ermənistan tərəfi aralıq dövrdə referendumun keçirilməsi və Dağlıq Qarabağın statusunun müəyyən edilməsini istəyir.
“Müsavat” partiyasının başqanı İsa Qəmbər hesab edir ki, Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutması vəziyyəti gərginləşdirir. Onun fikrincə, beynəlxalq birlik münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun həll olunması üçün Ermənistana təsir etməlidir.
Cənab Qəmbər regionda status-kvonun Dağlıq Qarabağ münaqişəsi həll edildikdən, o cümlədən bütün tərəflərin maraqları nəzərə alındıqdan sonra dəyişəcəyini mümkün sayır. Yalnız Türkiyə-Ermənistan sərhədlərinin açılması problemin həlli deyil.
“Müsavat” başqanı eyni zamanda Azərbaycan tərəfini emosional siyasətdən qaçmağa, Türkiyə ilə münasibətlərə xələl gətirən addımlar atmamağa çağırıb.
Rasim Musabəyov da hesab edir ki, Azərbaycan Avropa Birliyinin, Amerikanın və Türkiyənin bölgədəki maraqlarının ziddinə getməməli, bununla yanaşı, reallıqları da onların diqqətinə çatdırmalıdır.
Politoloq həmçinin düşünür ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması heç də problemin tam həlli deyil. Bu Ermənistana müəyyən xeyir gətirsə də, ancaq münaqişə həll edilmədən bu ölkənin kommunikasiyaları açılmayacaq.
“Müsavat” başqanı habelə, Azərbaycanla-Türkiyə arasında qazın qiyməti və tranziti ilə bağlı danışıqların uzadılmasına da münasibət bildirib. O, iqtisadi məsələni siyasətdən ayırmaq mümkün olmasa da, yersiz siyasiləşdirilməyə yol verməyi də məqbul saymır.
Politoloq Musabəyov isə Türkiyə-Azərbaycan arasında qazın qiymətləri ilə bağlı danışıqlarda Azərbaycanın mövqeyini bölüşür. Onun fikrincə, bu məsələdə kommersiya maraqları əsas götürülməlidir və hər hansı tərəf məsələni siyasiləşdirmədən digərinin hesabına qazanc əldə etməməlidir.

XS
SM
MD
LG