Qarabağ Azadlıq Təşkilatının bir qrup fəalı Türkiyənin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Etirazçılar “Türkiyə iqtidarına ar olsun!”, Türkiyə, Qarabağı satma!” şüarları qaldırıb. Polis aksiyanın qarşısını alıb.
QAT rəhbəri Akif Nağı bildirib ki, Azərbaycan ictimaiyyəti Türkiyə hökumətinə güvənmir və Ermənistan-Türkiyə protokollarını təsdiq etməməyi tələb edir.
Bu gün “Yeni Azərbaycan” Partiyasının sədr müavini Əli Əhmədov da Türkiyəni vədinə əməl etməyə çağırıb. O Türkiyə ictimaiyyəti, Türkiyənin Böyük Millət Məclisi Azərbaycanın xeyrinə olmayan hər-hansı protokolun təsdiq olunmasına razı olmayacağına inandığını ifadə edib. “İnanırıq ki, Türkiyə Azərbaycanın maraqlarının əksinə addım atmayacaq. Baxmayaraq ki, protokolların imzalanmasına qədər Azərbaycanın xeyrinə addım atılması mümkün ola bilərdi və Azərbaycan cəmiyyəti protokolların imzalanmasına qədər Türkiyənin lazımınca təkid göstərməməsinə təəssüflənir. Bundan sonra yenə də Azərbaycanın maraqlarının gözlənilməsi üzərində Türkiyənin ciddi təkid etmək imkanları var. Çünki protokolların həyata keçirilməsi Türkiyənin və Ermənistanın parlamentlərində təsdiq olunduqdan sonra mümkün ola biləcək”.
Cənab Əhmədov həmçinin protokollar imzalandıqdan sonra Türkiyə baş nazirinin Azərbaycanın işğal olunmuş torpaqları azad edilmədən Ermənistanla Türkiyə arasında sərhədlərin açılması mümkün olmayacağı bəyanatını bir daha xatırladıb. “Türkiyə-Azərbaycan arasında çox yaxşı dostluq və qardaşlıq münasibətləri kifayət qədər möhkəm və dərindir”, - deyə o qeyd edib.