Accessibility links

Azərbaycan İrana rəsmi etiraz bildirib


İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunaraq nazir müavini Vaqif Sadıqov tərəfindən qəbul edilib.
APA-nın məlumata görə, səfirə bildirilib ki, İranın rəsmi qurumu olan Radio və Televiziya Təşkilatının və bu təşkilata məxsus “Səhər” televiziya kanalının müvafiq internet saytlarında Azərbaycan Respublikasının daxili və xarici siyasəti ilə bağlı video çarx və məqalə yerləşdirilib. İran diplomatının nəzərinə çatdırılıb ki, bu materiallarda Azərbaycan Respublikasının dövlət siyasəti məqsədyönlü şəkildə təhrif olunub, milli rəmzi olan dövlət bayrağı kobudcasına təhqir edilib, həmçinin Azərbaycan Respublikasının hökumət və Milli Məclisinin üzvlərinə və digər dövlət məmurlarına qarşı böhtan xarakterli ittihamlar yer alıb.
Nazir müavini belə qərəzli materialların İranın rəsmi kütləvi informasiya vasitələrində yayımlanmasının Azərbaycan tərəfində ciddi narahatçılığa səbəb olduğunu vurğulayıb, eyni xarakterli materialların İranın rəsmi mətbu orqanlarında əvvəllər də yer aldığını və bununla bağlı Azərbaycan tərəfinin dəfələrlə narahatçılığını bildirdiyini deyib. Son zamanlar isə Azərbaycan Respublikasına qarşı qərəzli veriliş və yazılarda təhqir və böhtanların sayının artaraq öz həddini aşması səfirin nəzərinə çatdırılıb.
Qeyd olunan məsələlərin iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirə biləcəyini vurğulayan cənab Sadıqov, İranın rəsmi qurumlarının yolverilməz hərəkətlərinə Azərbaycan tərəfinin qəti etirazını bildirib, bu hərəkətlərin səbəblərinin araşdırılmasına və nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasına, eləcə də bu kimi halların qarşısının alınması və təkrar olunmaması istiqamətində İranın müvafiq addımlar atacağına israrla təkid edib.
Səfiə Azərbaycan Xarici İşlər Nazirliyinin eyni mövzulu rəsmi notası təqdim edilib.

XS
SM
MD
LG