Ötən həftə Cenevrədə İran və dünyanın altı aparıcı qüdrəti bir araya gələrək İslam Respublikasının nüvə proqramını müzakirə etdilər. İran BMT müfəttişlərini bu yaxınlarda Qum şəhərinin civarında aşkar edilmiş ikinci nüvə obyektinə buraxmağa icazə verəcəyini bildirdikdən sonra Obama administrasiyası danışıqların ilkin raundunu uğurlu adlandırıb. Lakin mütəxəssislərin bir çoxu rəsmi Vaşinqtonun nikbinliyini bölüşmür.
Wall Street Journal qəzetində məqalə ilə çıxış edən ABŞ-ın BMT–dəki sabiq səfiri və mühafizəkar baxışlarına görə tanınan Con Bolton Cenevrə danışıqlarını İran üçün qələbə adlandırıb. Onun yazdığına görə İranın prinsipcə aşağı keyfiyyətli zənginləşdirilmiş uranı emal edilmək və yanacaq çubuqlarına çevrilmək üçün Rusiyaya göndərməyə razılıq verməsi İslam respublikasının diplomatik uğuru hesab edilə bilər. Belə ki, onsuz da ciddi effekt verməyəcək sövdələşməyə prinsipcə razılıq verməklə İran ona qarşı BMT sanksiyalarının sərtləşdirilməsi kursunu dayandırmağa nail olub. 1696 saylı BMT qətnaməsi İrandan bütün uran zənginləşdirilməsi fəaliyyətlərinə son qoymağı tələb edir. Bu baxımdan İranın hər hansı miqdarda və keyfiyyətdə uran zənginləşdirməsi BMT qətnamələrini pozmuş olur. Con Boltonun yazdığına görə İranla nüvə proqramı ətrafında bu növ müzakirələr və sövdələşmələr həmin ölkəyə öz nüvə biliyini genişləndirmək və əlavə vaxt qazanmaq imkanı verir. Obama administrasiyasının Tehran üçün sərt vaxt cədvəli müəyyən etməməsi isə İranın öz nüvə imkanlarını təhlükəli istiqamətə yönəltməsini reallığa yaxınlaşdırır.
Washington Post qəzetinin yazarı və sabiq Buş administrasiyasının rəsmisi Maykl Gerson da Vaşinqtonun İranla danışıqlarda yumşaqlıq nümayiş etdirməsindən narahatlıq ifadə edir. Onun sözlərinə görə İranla sərt dildə danışılmaması İsrailin bu ölkənin nüvə obyektlərinə hücum etmək ehtimalını artırır. 1981-ci ildə İsrail təyyarələrinin İraqın Osirak nüvə reaktorunu dağıtmasına diqqəti çəkən Gerson bildirir ki, əgər İsrail öz mövcudluğuna təhlükə hiss edərsə onda İranın nüvə obyektlərinə oxşar zərbələr endirməkdən başqa seçimi qalmayacaq. İsrail baş naziri Benyamin Netanyahunun BMT-dəki alovlu çıxışına toxunan Gerson bu nitqin İsrailin mümkün əməliyyatına hazırlıq ola biləcəyini yazır. Müəllif əlavə yaşayış məntəqələrinin inşasına son qoyulmasını tələb edən Obama administrasiyasının İsraillə münasibətlərdə soyuqluq nümayiş etdirməsinin də bu sonluğa töhfə verə biləcəyindən ehtiyatlanır. Əgər İsrail hiss etsə ki, o, Amerikaya arxalana bilməz onda 1980-ci illərin əvvəlində olduğu kimi müstəqil hərəkətə keçə bilər, deyə Gerson xəbərdarlıq edir.
National Review məcmuəsində yazan Maykl Rubin isə İsrailin belə bir hücumunu məqsədəuyğun hesab etmir. Onun fikrincə İsrailin hava zərbələri şübhəsiz İranın nüvə proqramını yubada bilər, lakin sonda bu, İranı atom bombası əldə etməkdən saxlamayacaq. Əvvəla, hücumdan dərhal sonra İranın regiondakı müttəfiqləri Hezbullah və Hamas hərəkətə keçərək İsrailə və regindakı Qərb maraqlarına zərbələr endirməyə başlayacaq. Hücumun cavabında Hörmüz Boğazını bağlayan İran neft qiymətlərinin kəskin artmasına təkan verə bilər. İslam Respublikasının daxilində siyasi baxımdan millətçi olan qruplar isə indiyədək nifrət etdikləri rejimin ətrafında birləşəcəklər. Bundan əlavə beynəlxalq ictimaiyyət və hətta Obama administrasiyası İsraili müdafiə etməkdən çəkinəcək. Rubinin yazdığına görə, hücuma məruz qalan İran artıq atom bombası əldə etməyə legitim hüququnun olduğunu iddia edəcək. Beləliklə də İsrail nail olmaq istədiyi məqsədlərin əksinə hərəkət etmiş olacaq.