Accessibility links

İsrail səfirliyi və Qəbələ RLS-i partlatmaq istəyənlərə hökm oxunub


Azərbaycanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsi dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələrlə ittiham olunan 6 nəfərin cinayət işi üzrə hökmü elan edib.
Turan Agentliynin məlumatına görə, livan vətəndaşları Kərəki Əli Məhəmmədə 15, Nəciməddin Əli Hüseyn 15, Azərbaycan vətəndaşları Cavid Məmmədov 12, Vidadi Rəsulov 14, Müşfiq Amanov 13 və Əfqan Balaşov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Adı çəkilən şəxslər dövlətə xəyanətdə, dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə verməkdə, toplamaqda, saxlamaqda casusluq etməkdə, terror hazırlamaqda, qanunsuz odlu silah, narkotik maddələrin saxlanılması və qaçaqmalçılıqda ittiham olunur.
Agentlik məhkəmədki mənbələrə əsaslanaraq yazır ki, livanlılar İsraildən qisas almaq üçün “Hizbullah” və “Sepah” kimi terror təşkilatlarının sifarişi ilə İsrailin Azərbaycandakı səfirliyini, həmçinin Qəbələ rayonu ərazisində yerləşən Qəbələ RLS-i partlatmağı planlaşıdırıb. Azərbaycan vətəndaşları isə bu işdə onlara kömək etməli idilər. Lakin Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətin qarşısı alınıb.
İttiham aktına görə, Livan vətəndaşları olan Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn “Hizbullah” və “əl-Qaidə” terrror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndərilib. Terror təşkilatı həmin şəxslərə Azərbaycanda bir sıra terror aktları həyata keçirmək, insanların daha çox olduğu yerlərdə vahimə yaradan hadisələri törətmək tapşırığı verib. Eyni zamanda, həmin şəxslərə göstəriş verilib ki, Azərbaycan vətəndaşlarından ibarət qrup təşkil edib əməllərini həyata keçirsinlər. “Hizbullah” tərəfindən göstəriş alan Livan vətəndaşları İran İslam Respublikasına gəliblər. İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” təşkilatı tərəfindən İran İslam Respublikasının sərhədindən Azərbaycana keçiriliblər. Onlar təlimata uyğun olaraq, özlərinə Azərbaycan vətəndaşlarından ibarət dəstə yaratmaq üçün işə başlayıb, Livan vətəndaşları azərbaycanlılar arasında ABŞ və İsrailin apardıqları siyasətin müsəlman ölkələrini qırmaqdan ibarət olduğunu, onların terrorçuluğa qarşı mübarizə aparmadıqlarını diqqətə çatdırıblar.
Aparılan təbliğatdan sonra həmin Livan vətəndaşları Cavad Məmmədovu, Vidadi Rəsulovu, Müşfiq Amanovu, Əfqan Balaşovu öz sıralarına cəlb edə bilib. Daha sonra onlar aralarında məclis qurub, öz iş prinsiplərini müəyyən ediblər. Həmin görüşlər zamanı Kərəki Əli Məhəmməd Qəbələ RLS-i partlatmağı və bununla da xarici ölkələrin Azərbaycanla əlaqəsini kəsməyi təklif edib. Məclisdə iştirak edən digər şəxslər də onun təklifi ilə razılaşıblar. Dəstə üzvləri razılığa gələndən sonra bir neçə dəfə Qəbələ RLS-in ətrafına getsələr də, ora keçməyə imkan tapa bilməyiblər. Belə olan halda dəstə üzvləri hazırladıqları planı həyata keçirməyə nail olmayıblar.
Dəstə başçısı Kərəki Əli Məhəmməd ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, 1967-ci ildə Livanın Nəbatiyyə şəhərində anadan olub, milliyyətcə ərəbdir və Tehran şəhərində yaşayıb. Onun sözlərinə görə, Tehranda rəsmi qaydada işləməsə də, həmin şəhərdə “ən-Nəbi” məscidinə gələn turistlərin dini yerlərə səfərlərini təşkil etməklə məşğul olub. Həmin məsciddə Həmid adlı şəxslə tanış olub. “ETTELAAT”ın əməkdaşı olan Həmid onu kəşfiyyat işlərində kömək etmək məqsədilə əməkdaşlığa cəlb edib ”.
Livan vətəndaşının ifadəsinə görə, Həmidin tapşırığı ilə o, 2007-ci ilin avqust ayında Bakı şəhərinə gəlib. O bildirib ki, Həmid onun Bakıya gəlməsi üçün 2 min ABŞ dolları verib: “Məni Bakıda areportda Həmidin adamı qarşıladı. Həmin şəxs adımı kağıza yazaraq, məni areportda gözləyirdi. O, məni adını bilmədiyim bir otelə apardı. Bakıda dörd gün qaldım. Onun sözlərinə görə, “İsrail səfirliyinin fəaliyyətindən xəbərdar olmaq “ETTELAAT” üçün zəruridir”.
Müttəhimin ifadəsinə əsasən, İsrail səfirliyini mühafizə edən şəxslərin azərbaycanlı və yaxud əcnəbi olmasını dəqiq öyrənmək məqsədilə yenidən Bakıya gəlib. Səfirliyin qarşısında taksi ilə dayana bilmədiyi üçün orada piyada hərəkət edib: “Mən səfirliyin qarşısından keçəndə mühafizəçilər orada çoxalırdı. Ona görə də səfirliyin ciddi qorunduğunu başa düşdüm. Mühafizəçilərin də çox diqqətli və sayıq olduğunu gördüm. Yenidən İrana qayıdıb gördüklərimi Həmidə danışdım. Təxminən 2008-ci il aprelin 28-də Həmidin təklifi ilə Qum şəhərində Kərbəlayi Həsənlə görüşdüm və o, məni Rəsul adlı azərbaycanlı ilə tanış etdi. Kərbəlayi Həsən məni Rəsula tacir kimi təqdim etdi və Azərbaycana sərmayə qoymaq istədiyimi bildirdi. O da yol göstərməyə hazır olduğunu bildirdi”.
Əli Kərəki ifadəsini davam etdirərək qeyd edib ki, “Hizbullah” təşkilatının üzvü olub: “2003-cü ildə “Hizbullah”ın rəhbəri Şeyx Nəsrullahın dini məsələlər üzrə müşaviri Şeyx Əkrəm tərəfindən “Hizbullah” təşkilatının İranda nümayəndəsi təyin olunmuşam. Rəsmi olaraq, hər ay “Hizbullah”dan 900 ABŞ dolları məbləğində əməkhaqqı alırdım”.
Onun sözlərinə görə, Sepah əməkdaşı Həmid söhbət əsnasında ona bildirib ki, Bakıdakı İsrail səfirliyi İran əleyhinə fəaliyyət göstərir və bu işdə bəzi İran vətəndaşları İsarilə kömək edir. Bununla belə, o bildirib ki, İsarail səfirliyindən əlavə, Yəhudi Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında məlumat toplamalı idi.


XS
SM
MD
LG