Sual:Seçkilərdən sonra tutulanların məhkəməsi başlandı. Məhkəmə prosesi haqda ne demək istiyərdiniz? Prosesin qanun çərçivəsində keçdiyini demək mümkündürmü?
Cavab: Bu, bağlı qapılar arxasında keçən qondarma məhkəmə idi.İnsanlar işgəncələrə məruz qalıb. Onların heç biri vəkillə təmin edilməyib. Məhkəmənin harada keçirilməsi məlum deyil. Daha doğrusu məlumdur. Ancaq təzə yer olduğu üçün biz bunu görməmişdik. Bu Sovet İttifaqında Stalin dövrünün məhkəmələrinə oxşayırdı. Şübhəliləri gətirib məhkəmə zalında əyləşdirdilər. Xatəminin vitse-prezidenti olmuş Məhəmməd Əli Əbdəhi, yazıçı və bloqqer Ətri Ənfəhiri oraya gətirmişdilər. Bunlar zalda danışıb dedilər ki, məxməri inqilab həyata keçirməyə çalışırmışlar və indi peşmandırlar. Ətri Ənfəhirin ailəsi ona dərman verildiyini bildirir. Onlar rəhbəri təriflədilər və özlərini pislədilər, ancaq İran milləti buna inanmadı. Bütün islahatçılar bu hadisəni jurnallarında və saytlarında məhkum etdilər.
Sual: Baş vitse-prezidentliyə namizədin təyinatı və həbs olunanların şəraiti ilə əlaqədar bəyanatlar nəzərə alınaraq, hakimiyyətdəki mühafizəkar düşərgədə bölünmələr olduğu irəli sürülürdü. Həftənin bazar ertəsi isə keçirilən mərasimdə Mahmud Əhmədinajadın prezidentliyi ali dini rəhbər tərəfindən təsdiq olundu. Hələ də mühafizəkarlar arasında bölünmədən söhbət gedə bilərmi?
Cavab: Məclisdə belə bir şey var idi. Tərəflər İslahatçılarla mühafizəkarlar arasında bölünüb. Məşhur Mübtəda Mütəhərrinin oğlu Əli Mütəhərri bir neçə məktub yazıb. Məktubun mətni ondan ibarətdir ki, Tehranda baş verən iğtişaşlar zamanı insanlar öldürülüb. O, bu qətldə əli olan insanların mühakiməsinə çağırıb. Millət vəkili olmasa da, məşhur Ayətulla Behiştinin oğlu Əli Rza Behişti müsahibəsində bildirmişdi ki, 1700 nəfər zindandadır və onlardan neçəsinin sağ, necəsinin ölü olması barədə məlumatımız yoxdu.
Sual: Keçmiş prezidentlər Rəfsəncani və Xatəminin mərasimdə iştirak etməməsi barədə nə demək istərdiniz? Yəqin başqa yüksək vəzifəli şəxsiyyətlər də iştirak etməyib, bu nədən xəbər verir?
Cavab: Mən iki dənə şəkil gördüm, biri 4 il bundan əvvəl ilk mərasimdən, digəri də dünən ki mərasimdən. Keçən dəfəki mərasimdə Rəfsəncani oturmuşdu, Xatəmi oturmuşdu, Kərrubi var idi, ayətullaların çoxu orda idi və Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni (gərək həmişə orada olsun, çünki mərasim Xomeyninin evində təşkil olunur) var idi. Ancaq Seyid Həsən Xomeyni etiraz etdi və getdi – deyilənlərə görə Pakistana gedib. Çox adamlar gəlməmişdi. Mərasim televiziya vasitəsilə canlı yayımlanmadı. Orada İranın məşhur, çox radikal jurnalisti var idi – Hüseyn Şəraf Mədari. O adətən Musəvi və Kərrubi haqda çox sərt yazılar yazır və hətta onların həbsini istəyir. O, yazmışdı ki, fitnənin gözü bunlardır. Bu yazar mərasimə qatılmışdı.