İranın
dövlət mətbuatı bu gün təsdiq edib ki, Tehran ölkəyə İraqdan icazəsiz daxil
olma ittihamları ilə 3 amerikalını nəzarət altına alıb. İran rəsmiləri xəbər
agentliklətinə amerikalıların kimliyini açıqlamayıb. ABŞ dövlət katibi Hillari Klinton İranı itkin
düşmüş və İranda həbs olunduğu ehtimal edilən 3 turist barədə məlumat verməyə
çağırmışdı. Xanım Klinton dünən
jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar Tehrandakı İsveçrə səfirliyinin
vasitəsi ilə üçlüyün harada saxlandığını öyrənmək və onların evlərinə qayıtması
üçün iş aparır. Qeyd edək ki, ABŞ-la İran arasında diplomatik əlaqələr mövcud
deyil. İraqın Kürdüstan regionunun təhlükəsizlik xidmətinin rəhbəri deyib ki, 3
turist İraq İran sərhədindəki şəlaləni görmək üçün getsə də, təsadüfən İrana daxil
olublar.