Moldovada parlament seçkilərini monitorinq edən beynəlxalq müşahidəçilər deyir ki, seçkilər qaydasında keçib və geniş pozuntulara dair bir dəlil əldə edilməyib. Ancaq ATƏT bildirir ki, 300 müşahidəçi seçkidən öncə üstüörtülü hədə-qorxu və mətbuat qərəzinə dair bəzi işarələr müşahidə edib. Səslərin sayılmasının başa çatmaq üzrə olduğu bir zamanda seçki nəticələri mübarizədən müxalif qüvvələrin qalib çıxdığını göstərir. Seçkilərin son nəticəsinə görə, müxalif 4 partiyanın təşkil etdiyi alyans 51 faiz, hakim Kommunist partiyası isə 45 faiz səs toplayıb. Müxalifət partiyalarının parlamentdə 101 yerdən 53-nü əldə edəcəyi gözlənilir. Ancaq yeni prezidenti seçmək üçün 61 səs lazım olduğuna görə müxalifət partiyalarının kommunistlərin dəsdəyinə ehtiyacı olacaq.