Sual: İranda etiraz aksiyaları zamanı həbs olunanlardan 140 nəfərin azadlığa buraxıldığı bildirilib. Sizcə bu nə ilə bağlıdır?
Cavab: Ötən bir həftə ərzində Ayətulla Haşimi Rəfsəncani bir növ barışıq üçün rəhbərdən istədi ki, tutulanlar azadlığa buraxılsın. Daha sonra Mir Hüseyn Musəvi çıxışında dedi ki, bu məsələni həll etmək lazımdır. Onların həbsxanada saxlanaraq, işgəncələrə məruz qalması düz deyil. Bundan başqa da dünyanın ən azı 50 ölkəsində insanların azad olunması çağırışları ilə aksiyalar keçirilir. Bütün bunların müəyyən təsiri olub.
Sual: İranın ali dini rəhbərinin Kəhrizad həbsxanasının bağlanması barədə göstərişi və bundan sonra cərəyan edən hadisələr barədə nə deyə bilərsiniz?
Cavab: İranda iki cür həbsxana var. Birincisi, ədliyyə sisteminin nəzarətində olan həbsxanalar. İkincisi isə, təhlükəsizlik və kəşfiyat təşkilatlarının nəzarətindəki, qanunda yeri olmayan həbsxanalardır. Misal üçün Təbrizdə belə ikinci tip üç həbsxana var. Tehranda sayı ən azı 2300 nəfər olan, seçkilərdən sonra tutulanlar bu ikinci tip məhbəslərdə saxlanılırdılar. Xamaneyi də belə həbsxanalardan yalnız birinin bağlanmasına göstəriş verib. Buna səbəb isə orada saxlanma şəraitinin çox bərbad vəziyyətdə olmasıdır.
Sual: Son günlərdə vitse-prezidentin təyinatı və daha sonra bu təyinatın ləğvi və hökumət kabineti daxilindəki başqa dəyişikliklər, istefalar və bunlar ətrafında baş verən mübahisələr barədə nə düşünürsünüz?
Cavab: Bir neçə gün əvvəl Əhmədinejad istədi ki, öz baş müavinini əvəz etsin və onun yerinə onunla işləmiş bir adamı gətirsin. Bu təyinat mollaların etirazına bais oldu. Xamaneyi Əhmədinejada məktub yazaraq ondan təyinatın ləğvini istədi. Məcburiyyət qarşısında qalan Əhmədinejad təyin etdiyi şəxsi istefaya göndərməyə məcbur oldu. Ancaq bu, onu göstərir ki, Əhmədinejadın hökumətində 21 nazir arasında fikir ayrılığı var. Bu arada parlamentin bir üzvə elan edib ki, İran dövləti bir neçə gündə yeni hökumət təşkil olunana kimi heç bir qərara gələ bilməz. Mahmud Əhmədinejadın son 4 illik hakimiyyəti dövründə 11 nazir, 3 müavin dəyişib.
Sual: Bu, ayrı-ayrılıqda baş verən iki hadisə İranda
hakimiyyətdə olan mühafizəkar qüvvələrin zəiflədiyindən, yaxud da müxalifətdə
olan islahatçı kimi tanınan qüvvələrin
gücləndiyindən xəbər verirmi?
Cavab: Doğrudur, bu, islahatçıların qücünü göstərir. Digər tərəfdən mühafizəkarların zəiflədiyinin şahidi oluruq. Onlar milləti idarə etməlidirlər və xalqı nəzərə almalıdırlar. Xalq isə, övladları həlak olduğu, həbs edildiyi üçün etiraz edir. Əhali elə düşünür ki, Əhmədinejad doğrudan da çevriliş edir. Yəni əsgərlər vasitəsilə çevriliş həyata keçirib və xalqı basqı altında qoyub. Qacar dövründə Rza şah gəlib türk hökumətləri əleyhinə çevriliş etdiyi kimi, indi də Əhmədinejad demək olar ki, İnqilab Keşikçilərinin əli ilə bu çevrilişi həyata keçirir. Onun Xamaneyinin qarşısında dayanması bunu göstərir.