ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri Hovard Berman İranla əlaqədar yaydığı bəyanatında rəsmi Tehranın uranı zənginləşdirməyə davam edəcəyi və Vaşinqtonun dialoq təklifini qəbul etməyəcəyi təqdirdə bu ölkənin neft sektoruna qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Konqresmen Bermanın Nümayəndələr Palatasında İranla bağlı aparılan dinləmələrdə verdiyi bəyanat bu ölkəyə qarşı hazırda müzakirə edilən, 260 dəstəkçisi olan Neft Sanksiyalarının Tətbiqinə dair Akta əsaslanır.
Qanunvericilər sözügedən akta düzəliş edərək, onu İrana neft məhsullarının ixracında iştirak edən, yaxud da 20 milyon dollardan artıq sərmayə qoyan şirkətlərə və şəxslərə qarşı yönəltmək istəyirlər.
İran əsas neft ixracatçısı olsa da, bu ölkə boyük miqdarda benzin idxal edir, belə ki, onun neftayırma imkanları məhduddur..
Qanunverici akta düzəliş etmək istəyən konqresmenlər isə buna İranın nüvə proqramını dayandırmaq üçün, Tehran hökumətinə təzyiq vasitəsi kimi baxırlar.
Ancaq qanunvericilər bu qanunu “C planı” kimi təsvir edirlər, belə ki, prezident Barak Obama hazırda İrana Vaşinqtonun dialoq təklifləri və beynəlxalq birliyin çağırışlarını cavablandırmaq üçün sentyabr ayına qədər vaxt verib.
Konqresmen Berman deyir ki, o hazırda müzakirə olunan qanun layihəsinə əslində Iranlılar üzərində asılan Domokl qılıncı kimi baxır.
Konqresmen əlavə edir ki, əsas məsələ İranın həqiqətən də uranı zənginləşdirmək proqramlından vaz keçməyə razı salmaqdır.
“Əgər dialoq alınmasa, mən bu qətnaməni payızın əvvəlində komitəyə təqdim edəcəyəm” – deyə Berman vurğulayıb.
Hazırda isə qanun layihəsi həm Nümayəndələr Palatasının, həm də 66 senatorun dəstəyini qazanan Senat komitələrində qalmaqdadır.
Bu həftənin əvvəlində Senat İranın il sonuna qədər addım atmayacağı təqdirdə ona qarşı dağıdıcı iqtisadi sanksiyaların tətbiqinə dair prezident Barak Obamaya müraciət xarakterli düzəlişə yekdilliklə səs verib. Düzəliş əsasən İranın mərkəzi bankına qarşı sanksiyaları nəzərdə tutur.
Respublikaçı senator Con Kayl bu düzəlişi həmkarı Con Makkeyn və demokrat senator Evan Bayhla birlikdə hazırlayıb.
Senator Kayl düzəlişi belə izah edir ki, İran Mərkəzi Bankına sanksiya tətbiq etməklə, Vaşinqton nüvə silahları və terroroizmin yayılmasının qarşısını almaq üçün bütün vasitələrə əl ata biləcəyinə dair mesaj göndərəcək.
Senatın düzəlişində habelə qeyd olunur ki, əgər İran Böyük Səkkizliyin sentyabr ayında keçiriləcək növbəti sammitinə qədər ABŞ-ın birbaşa dialoq təkliflərini qəbul etməsə, və növbəti 60 gün ərzində uran emalına son qoymasa Vaşinqton Tehranın mərkəzi bankına qarşı sanksiyaların tətbiqinə başlaya bilər.