Dövlət Departamenti bildirir ki, ABŞ
səfirləri iyulun 4-də Amerikanın Müstəqillik Günü tədbirlərinə iranlı
diplomatları dəvət etməyə icazə verilib. Bu cəhd ABŞ-ın 30 illik diplomatik
təcrübəsinə dəyişiklik edir.
Rəsmilər bu jesti Obama
administrasiyasının İranla dialoqu bərpa etmək üçün başqa bir cəhd kimi təsvir
edirlər.
“New York Times” qəzetində
nəşr olunan məlumatı təsdiq edən Dövlət Departamentinin sözçüsü Robert
Vud deyib ki, Departament ABŞ-ın xaricdəki nümayəndəliklərinə iyulun 4-də səfirlikdə keçiriləcək bayram
tədbirlərinə iranlı diplomatları dəvətə səlahiyyət verib. Vudun sözlərinə görə,
yeni administrasiya İranla birbaşa əlaqə qurmaq istiqamətində addımlarını davam
etdirir: “Bizim siyasətimiz İran hökuməti və xalqına əl uzatmaqdır. Prezident və dövlət katibi aydınca bildiriblər ki, bu
bizim istəyimizdir. Əlbəttə ki, İrana əl uzatmaq üçün başqa imkanlar da
yaranacaq. Biz yenə də İranın cavabını gözləyirik. Xüsusilə İranın Havier
Solananın P-5 üstəgəl 1 toplantısına dəvətinə müsbət cavab verib verməyəcəyini
nəzərdə tuturam.”
5 üstəgəl 1-ə daxil olan BMT
Təhlükəsizlik Şurasının 5 üzvü və Almaniya İrana uranı zənginləşdirməyi
dayandırmağı və nüvə proqramına dair danışıqlara qayıtmağı təklif edir.
Buş administrasiyası İran uranı
zənginləşdirmə proqramını dayandırmayınca Tehranla nüvə danışıqlarında bir başa iştiraktan imtina
edirdi. Yeni administrasiya isə deyib ki, danışıqlarda tam şəkildə iştirak
edəcək.
İranlı diplomatlar 1979-cu ildən bəri Amerika
səfirliyinə dəvət olunmayıb. O zaman nümayişçilər ABŞ səfirliyini ələ keçirmiş
və 50-dən çox amerikalını bir ildən çox girov saxlamışdılar.