Accessibility links

ABŞ Mətbuatı: İranda prezident seçkiləri və elektorat


İranda prezident seçkiləri yaxınlaşdıqca həmin ölkədə cərəyan edən siyasi rəqabət Qərbdə maraqla izlənilir. Chicago Tirbune qəzetinin yazdığına görə seçki kampaniyasında başlıca məsələ daxili iqtisadi durumdur ki, bu da hazırda prezident Mahmud Əhmədinejadın Axill dabanına çevrilib. İyunun 12-də keçiriləcək seçkilər ərəfəsində Əhmədinejad hətta uzun müddət üzərinə məhdudiyyət qoyulmuş mövzular – ölkənin nüvə proqramı və İsraill haqda ritorika – üzrə də qınaq obyektinə çevrilib. İslahatçı namizəd Mir Hüseyn Musəvi deyir ki, Əhmədinejad İranı elə bir günə salıb ki, o, hazırda yoxsulluq, terrorizm və piratlıq girdabı olan Somali ilə müqayisə olunur. “Bizim xalq sənə onları biabır etmək hüququ verməyib,” deyə Musəvi İsfahanda keçirilən seçki kampaniyasında bildirib. Başqa islahatçı namizəd Mehdi Kərrubi isə hazırkı hökumətin nüvə proqramı ilə bağlı mövqeyini sərt tənqid edib.

Bu tənqidlər maraq doğurandır, belə ki, güman edilir ki, Mahmud Əhmədinejadın xarici siyasət kursunun arxasında ölkənin ən ali siyasi və dini rəhbəri olan Ayətulla Əli Xamenei dayanır. Kərrubi kampaniyasının nümayəndəsi İsmayıl Gerami Moqəddəm Əhmədinejadın BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyaları qulaqardına vurmasını ziyanlı adlandırıb. Belə ki, həqiqi zərbə sıravi İran vətəndaşlarına dəyir. Kərrubi kampaniyası Əhmədinejada məsləhət görür ki, dünya siyasəti ilə məşğul olmaq əvəzinə bazarlarda pomidorun qiymətini sabitləşdirsin.

Washington Post-da nəşr edilən son reportajda İranda orta sinfin Prezident Mahmud Əhmədinejaddan üz döndərdiyi yazılır. Qeyd olunur ki, 2005-ci ildə Tehranın 12 milyon sakinin əksəriyyəti sistemin onları təmsil etmədiklərini əsas gətirərək səsverməni boykot etmişdilər. İranda səhih rəy sorğusu aparan qurumlar olmadığından seçkilərdə nə qədər adamın iştirak edəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil. Lakin ilkin işarələr göstərir ki, ötən seçkilərdə iştirak etməmiş bir çox adam bu dəfəki səsverməyə qatılacaq. Tehranda evdar qadın Fərənək deyir: “Mən heç kim üçün səs verməmişəm, çünki bu sistemi xoşlamıram. Amma Əhmədinejad əleyhinə səs vermək üçün bütün ailəmi seçki məntəqəsinə gətirəcəyəm.” Tanınmış İran aktrisası Leyli Rəşidi deyir ki, Əhmədinejadın əlavə 4 il hakimiyyətdə qalması fəlakət olardı. 21 yaşlı kompüter mühəndisi Tina deyir ki, nə o, nə də dostları heç vaxt seçkilərdə səs verməyiblər. Lakin Əhmədinejad onların həyatlarını bərbad günə salıb. Ona görə də hamı səs verəcək.

Orta sinifdən qaynaqlanan tənqidlərin bir neçə kökü var. Hökumət nazirliklərində və dövlət şirkətlərində çalışan minlərlə təcrübəli ekspert son 4 ildə Əhmədinejadın tərəfdarları ilə əvəzlənib. Eyni zamanda İranda özəl şirkətlər Çindən daxil olan ucuz məhsulların qarşısında rəqabətə duruş gətirə bilmirlər. Əhmədinejadın hakimiyyəti dönəmində inflyasiya 30 faiz yüksəlib, və paytaxtda yaşamağın qiyməti ikiqat artıb.

Yaranmış qəzəb dalğasında hakimiyyətə gəlmək üçün mübarizə aparan namizədlər məhz bu emosiyalara cavab verməyə çaşırılar. “Allah qoysa, insanlar seçkilərdə yüksək faizlə iştirak edəcəklər,” deyə 30 min insanın toplaşdığı Təbriz stadionunda çıxış edən Mir Hüseyn Musəvi bildirib. “Əgər biz insanların tükənməyən qüdrətindən istifadə etsək onda öz hüquqlarımızı əldə edəcəyik.”

XS
SM
MD
LG