“Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə mayın 3-də beynəlxalq ictimaiyyət azad mətbuatın əhəmiyyətini bir daha vurğulayır və hökumətləri vəzifələrini yerinə yetirmək üçün jurnalistlərə şərait yaradılmasının təmin edilməsinə çağırır”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dersinin Ümümdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar bəyanatında deyilir.
Səfir təəssüflə qeyd edir ki, son illərdə mayın 3-ü həmçinin öz peşə borclarını yerinə yetirərək dünyasını dəyişmiş jurnalistləri yad etmək və ya yazdıqlarına görə azadlıqdan məhrum edilmiş jurnalistlərlə həmrəyliyimizi nümayiş etdirmək gününə çevrilib.
”Təbii ki, Azərbaycan keçid dövründə olan bir ölkədir. Azad və müstəqil mətbuat Sovet İttifaqının marağında olmayıb və məhz bu səbəbdən, həm Azərbaycanda, həm də yeni müstəqillik qazanmış digər respublikalarda, əsas demokratik institutları gücləndirmək işi müəyyən vaxt tələb edir. Lakin, təmasda olduğum anlarda gələcəyin fərqli olacağına inanan gənc jurnalistlərin əzmkarlığını və ümidli yanaşmasını müşahidə edirəm”.
Azərbaycan jurnalistlərinin növbəti nəsli ümidlə o günü gözləyir ki,
- onlar qanun pozuntuları da daxil olmaqla, həqiqəti obyektiv şəkildə yaydıqda ittihamlara, məhkəmə təqibinə, fiziki və iqtisadi təzyiqlərlə məruz qalmayacaqlar;
- aparılan siyasət, proseslər və büdcə xərcləri haqqında təfsilatlı suallar vermək üçün onların dövlət məmurlarına mütəmadi çıxışı olacaq;
- qəzetlər, yayım şirkətləri və on-layn xəbər agentlikləri hökümət, siyasi partiyalar və şəxsi maraqlardan asılı olmayan özəl, müstəqil şirkət kimi fəaliyyət gəstərəcək, və
- müstəqil, qərəzsiz jurnalistika və yüksək peşə standartları qəbul olunmuş ənənəyə çevriləcək.
Xanım Dersi bildirir ki, ABŞ hökumətinin dəfələrlə bəyan etdiyi və hər il tərtib olunan İnsan Haqları Hesabatında əks edildiyi kimi mətbuat azadlığı Azərbaycanda və həmçinin keçmiş Sovet İttifaqının bir çox ölkələrində, uzun illər ərzində ciddi narahatlığa səbəb olaraq qalmaqdadır.
“Bununla belə, vəziyyət durğun deyil. Dəyişikliklər baş vermişdir. Həmçinin, müsbət istiqamətdə dəyişikliklər olmuşdur.
Lakin, daha çox iş görülməlidir. Canlı, çevik və müstəqil mətbuat Azərbaycanı demokratiya yolunda irəli aparmaqda ən təsirli vasitədir.
Mətbuatı inkişaf etdirmək üçün yeni Mətbuata Dövlət Dəstəyi Fondu vasitəsilə hökumətin səylərini qiymətləndirməklə bərabər qeyd etməliyik ki, hökumətin mətbuata maliyyə dəstəyi göstərməsi konsepsiyası özü-özlüyündə müstəqil mətbuat anlayışını zəiflətmiş olur”.
Səfir hesab edir ki, müstəqil mətbuat məhz adı kimi - müstəqil olmalıdır.
“Azad və müstəqil mətbuat şəffaf şəkildə və ya digər üsulla nə hökumətə, nə qrantlara, nə də donorların sponsorluğuna arxalanmalıdır. Populyar qəzetlər, məşhur yayım şəbəkələri bir şirkətdir. Onlar özəl biznes qurumlarıdır. Onlar reklam satır. Öz abunəçiləri var. Yalnız öz oxucularının, tamaşaçılarının və müştərilərinin istəyini cavablandırır. Nə qədər bəsit səslənsə belə, nə qədər ki Azərbaycan mediasında və mətbu orqanlarında kapitalizm kök salmayıb, yəni KİV-lər özünü maliyyələşdirən müstəqil biznes olaraq, sözün əsl mənasında müstəqil media şirkətlərinə çevrilməyib, "azad mətbuat" azad olmayacaq”.
Onun fikrincə, bu bir gündə baş verəcək proses deyil, lakin Azərbaycanın demokratik və müstəqil gələcəyi naminə bu proses üzrə davamlı inkişafa imza atmaq lazımdır.
“Bu gün, mayın 3-də, gördükləri cəsarətli və vacib işlərinə görə Azərbaycan jurnalistlərini təbrik edirəm. Yeni jurnalistlər nəslinə isə Azərbaycanın güclü demokratik inkişafını dəstəkləməkdə böyük uğurlar arzulayıram”-deyə xanım Dersi qeyd edir.