Accessibility links

ABŞ Konqresmenləri Obamanın Türkiyəyə səfərini şərh edir


ABŞ Konqresinin Floridadan Demokrat nümayəndəsi və Türk dostluq qrupunun rəhbəri Robert Veksler Amerikanın Səsinin Türk xidmətinə verdiyi müsahibədə prezident Barak Obamanın Türkiyə səfərinin Amerikanın o ölkəyə verdiyi dəyərin nümunəsi kimi qiymətləndirir. Türkiyə və Amerika arasında vaxtaşırı problemlər yaradan İraq, PKK və erməni soyqırımı məsələlərindən danışarkən konqresmen Veksler deyib ki, Amerika ilə Türkiyə münasibətlərinin yeni erasına başlayan tərəflərin bəzi taktikaları fərqli ola bilər, lakin onlar strateji məsələlərdə ortaq maraqları bölüşürlər. Bu yaxınlada Ankarada olmuş konqresmen Türkiyə ilə ABŞ-ın bir çox mühüm məsələlərdə vahid maraqları bölüşdüyünü bəyan edib və vurğulayıb ki, ölkələr bu məsələlər üzərində əməkdaşlıq edirlər. NATO üzvü olan Türkiyə ilə əməkdaşlığın transatlantik müttəfiqliyi gücləndirəcəyini deyən Veksler Türkiyənin Avropa Birliyinə daxil olmasına ABŞ-ın dəstəyini izhar edib. Demokrat konqresmen bildirib ki, Ankara öz tərəfindən bu quruma daxil olmaq üçün səylərini gücləndirməlidir. Ələlxüsus ABŞ qüvvələri İraqı tərk edəndən sonra Türkiyə İraqda rolunu ən azı ticari baxımdan genişləndirə bilər. PKK ilə mübarizəyə gəldikdə isə son il yarım ərzində ABŞ-la Türkiyə arasında əməkdaşlıq effektivliyini arıtırıb, deyə Demokrat konqresmen bildirib.

Erməni soyqırımının tanınması məsələsi bu il də ABŞ-ın Nümayəndələr Palatasında qaldırılmış, və Prezident Obama seçkiqabağı kampaniyası zamanı soyqırımını tanıyacağını vəd etmişdi. Konqresmen Veksler deyib ki, Amerika Ermənistan-Türkiyə münasibətlərində normallaşma prosesinə dəstək verməli, bu prosesə mane olacaq heç bir addım atmamalıdır. Bu məsələ ilə bağlı konqresmen Amerikanın milli maraqlarına önəm verilməli olduğunu deyib. Onun sözlərinə görə hazırda İraqda və Əfqanıstanda on minlərlə Amerika əsgəri xidmət göstərir və bu xüsusda Türkiyə ABŞ-a yardımçı qismində çıxış edir. O, başqa ABŞ qanunvercilərinə bu faktoru nəzərə almağı tövsiyə edib. Regionda artan anti-Amerika hisslərinə gəldikdə Veksler ümid etdiyini bildirib ki, Türk xalqı Amerika ilə uzun illər davam edən müttəfiq münasibətlərini dəyərləndirəcək. O, həmçinin qeyd edib ki, Barak Obama administrasiyası dönəmində ABŞ Türkiyə kimi bir sıra dövlətlərlə münasibətləri yaxşılaşdırmaqda qətiyyətlidir.

Keçən həftə Konqresmen Robert Veksler və ABŞ Konqresinin 3 yüksək rütbəli nümayəndəsi Ermənistan prezidenti Serj Sarkisyana və Türkiyə prezidenti Abdullah Gülə ünvanladıqları məktubda Emənistan-Türkiyə yaxınlaşmasına güclü dəstəklərini ifadə ediblər “Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyətin Ermənistan və Türkiyəyə əlaqələrini normallaşdırma və Qafqazda müsbət dinamika yaratma səylərini dəstəkləməsi vacibdir,” deyə cənab Veksler bildirib. Onun sözlərinə görə iki ölkə arasında əməkdaşlığın bünövrəsinin qoyulması və diplomatik təmasların yaranması həm ABŞ, həm də Türkiyə və Ermənistanın maraqlarına xidmət edir.

Amerikanın səsinə müsahibə verən digər bir koqresmen Kaliforniya Ştatından Bred Şerman isə deyib ki, erməni genosidi və Ermənistanın blokadası məsələləri prezident Obamanın Ankara görüşlərində gündəmə gətiriləcək. Şerman konqres nümyəndələrinin böyük bir hissəsinin genosid faktını inkar etmədiklərini, lakin onları soyqırımın tanınmasının bəzi proseslərə mane olacağının narahat etdiyini deyib. Belə ki, İraqdakı qüvvələrin təchizatla təmin edilməsi məsələsi var. Soyqırımının tanınması prezidentin bəyanatından asılı ola bilərmi sualının cavabında konqresmen Şerman deyib ki, prezidentin nə deyəcəyi, qenosid sözünü işlədib-işlətməyəcəyi məlum deyil. Aprelin 24-ü açıqlanacaq bəyantada bu sözün yer alacağına həm inananlar, həm də inanmayanların sayı çoxdur. Lakin o, qeyd edib ki, Nümayəndələr Palatasından fərqli olaraq prezidentin söyləyəcəkləri daha mühüm əhəmiyyət kəsb edəcək.
XS
SM
MD
LG