Accessibility links

Moskvada Xəzərin statusu və enerji layihələri müzakirə olundu


Bu gün Moskvada görüşən Rusiya və Tükrmənistan prezidentləri Xəzərin statusu və enerji layihələri də daxil olmaqla bir sıra regional məsələləri müzakirə ediblər.

Moskva Avropanın enerji təchizatında Azərbaycanın da daxil olduğu alternativ kəmərlərin qarşısını almağa və özünün türkmən qazının dünya bazarlarına çıxarılmasında müstəsna tranzit ölkəsi rolunu qorumağa çalışır.

Bu baxımdan Berdimühəmmədovun Moskvaya səfəri təkcə Qərblə Rusiya arasında qaz rəqabətinin yenidən qızışması baxımından böyük maraq doğurur.

Düzdür, Azərbaycan da daxil olmaqla, NABUKKO layihəsinin iştirakçıları artıq çoxdan türkmən qazının tranziti uğrunda rəqabətə cəlb olunublar.

Ancaq Nabukkonun perspektivi ətrafında dolaşan çoxsaylı söz-söhbətlər və eləcə də Rusiyanın nə yolla olur olsun Orta Asiyanı əlində saxlamaq cəhdləri Moskvanın irəli sürdüyü Xəzəryanı qaz kəməri təklifini arxa plandan çıxarıb.

İndi Qərb dairlələrində belə fikir yaranıb ki, qlobal iqtisadi böhran vəziyyətində ruslar Aşqabada yeni dünya qiymətlərini də təklif etməklə, belə görünür ki, nəyin bahasına olur-olsun, mühüm qaz istehsalçısını öz nüfuz dairəsində saxlamaq niyyətini güdürlər.

Rusiyanın rəsmi İtar-Tass agentliyinin məlumatına görə, bu gün Berdıməhəmmədovun rusiyalı həmkarı Dmitri Medvedevlə görüşündən sonra iki ölkənin Xəzərdəki limanlarını birləşdirən dəmir yolu bərə əlaqəsini də nəzərdə tutan bir neçə müqavilə imzalanıb.

İki prezidentin birgə bəyanatında bir sıra məsələlərlə yanaşı, üçüncü Xəzər sammiti barədə da mövqe bildirilib. Bakıda keçirilməli olan bu sammit Medvedevə görə, nəhayət ki, Xəzərin hüquqi status məsələsini aydınlaşdırmağa çalışmalıdır.

Rusiyada hesab edirlər ki, dənizin statusu məsələsi həll olunmadan, onun dibi ilə istənilən kəmərlərin çəkilməsi yolverilməzdir.

Moskva artıq status məsələsində Azərbaycan və Qazağıstanla illər əvvəl anlaşma imzalasa da, Xəzərin təkindən enerji layihələri üçün istifadəni istisna edir. Bu isə, Nabukkoya ən böyük əngəl hesab olunur.

İndi Türkmənistan və Rusiya prezidentləri status məsələsində ölkələrinin mövqelərini yaxınlaşdırmağa razılaşıblar.

Bugünkü birgə bəyanatda bildirilir ki, Rusiya ilə Türkmənistan Bakıda keçirilməli Xəzər sammitinin tərəfdarıdırlar, ancaq ilk əvvəl artıq əldə olunmuş razılaşmaların həyata keçirilməsini vacib sayırlar.

Xəzərin enerji imkanlarından danışan Rusiya prezidentinə görə, müzakirə obyekti Xəzəryanı qaz kəməridir, habelə yeni qaz layihələri gündəlikdədir.

Türkmənistan, Qazaxıstan və Rusiyanı birləşdirəcək qaz kəmərinin tikintisinə gəlincə, mətbuat konfransından sonra Rusiya prezidentinin köməkçisi Sergey Prixadko deyib ki, burda elə bir fikir ayrılığı yoxdur, sadəcə məsələni yekunlaşdırmaq lazımdır. O qeyd edib ki, layihənin dəyəri təxminən 1 milyard dollar olacaq.

Bəs Türkmənistanda qaz nəqli məsələsində Rusiya ilə Avropa arasında seçim edərkən, hansına daha artıq üstünlük verilir?

Aşqabadda dərc olunan "Turkmen Weekly News" jurnalının redaktor müavini Saxor Gildiyeviç ölkəsinin belə bir seçim qarşısında olduğunu düşünmür. O, Amerikanın səsinə bunları deyib:

“Prezidentlərin rəsmi bəyanatına baxmayaraq, indi bizim ölkə üçün əsas prioritet yeni qaz infrastrukturunun inkişafıdır. Türkmənistan tərəf seçmir, o, sadəcə olaraq, satıcıdır. Məncə bizim hökumət çoxtərəfli diplomatiyaya üstünlük verir- yəni əməkdaşlıq hər kəslə olmalıdır. Biz nə NABUKKO-nu, nə də başqa layihələri prioritet elan etmirik, bu layihələr onların icraçıları üçün prioritetdir. Real mənzərə budur ki, layihələr icra olunmalıdır, lakin heç kəs tələsmir. Məsələn mən indiki gedişlə, yaxın 2-3 ildə bu layihələrin heç birində real potensial görmürəm”.

Hazırda Türkmənistan qazının əsas müştərisi Rusiyadır. Rusiya ilə Türkmənistan arasında enerji layihələri ticarətin əsasını təşkil edir.

Ötən il ölkələr arasında ticarət həcmi 7 milyard dollar təşkil edib. Moskvada prezidentlər bu rəqəmi 2 dəfə artırmağı qərarlaşdırıblar.

XS
SM
MD
LG