Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycana təhlükəsizlik məsələrində qarşılıqlı əməkdaşlıq təklif edir.
Moskvada mətbuat konfransı keçirən təşkilatın baş katibi hebelə rəsmi Bakını KTMT-yə qoşulmağa çağırıb.Bakıdakı siyasi ekspertlər isə bu çağırışı səmərəsiz sayırlar.
Azərbaycanda Rusiyanın dominantlığı altında yaradılmış KTMT-yə bəslənən neqativ münasibət, təkcə bu hərbi bloka Ermənistanın üzv olmasından irəli gəlmir.
Məsələ burasındadır ki, Azərbaycan ictimaiyyətində hərb-təhlükəsizlik məsələlərində Rusiyanın özünə də etimad bir o qədər güclü deyil.
Bakıdakı siyasətçilər regional müstəvidə, xüsusilə də hələ də Rusiyanın təsiri altında olan post-sovet ölkələrində yerli hərbi birliklərin nəinki kənar təhdidlərə, hətta regiondaxili problemlərə də təsir cəhdlərini səmərəsiz sayırlar.
Ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtlərinə görə, ekstremal hallarda üzv ölkələrin bir-birinə hərbi dəstəyi nəzərdə tutulub. Üzv ölkələrdən birinə edilən hücum bütün üzv ölkələrə edilən hücuma bərabərdir.
İndi Bakıda sual edirlər ki, KTMT ilə məsafə aradan qaldırılsa və Azərbaycan bu təşkilatın çətiri altına girsə, Dağlıq Qarabağda mümkün əməliyyatlar zamanı hərbi blok kimin yanında olacaq: Azərbaycanın, yoxsa Ermənistanın?
İki ay bundan əvvəl KTMT birgə çevik dəstə yaratmaq barədə qərara gəldikdə, Azərbaycan rəsmiləri bundan naharatlıqlarını gizlətmirdilər.
Hazırda isə, təşkilat Azərbaycana təhlükəsizlik məsələrində qarşılıqlı əməkdaşlıq təklif edir.
KTMT-nin baş katibi Nikolay Bordyuja deyir ki, onsuz da Azərbaycan nümayəndələri blokun bəzi fəaliyyətlərində iştirak ediblər, məsələn, narko ticarətlə mübarizədə.
Onun fikrincə, KTMT-yə qoşulmaq Azərbaycanın özünə lazımdır, belə ki, ölkə öz təhlükəsizliyini təkbaşına müdafiə edə bilməz.
Hələlik, Azərbaycan rəsmilərinin KTMT-yə hansı cavab verəcəyi bəlli deyil. Hər halda, yerli mətbuat bu məsələnin hələ ötən həftə Rusiyanın baş diplomatı Sergey Lavrov Bakıda olarkən müzakirə olunduğunu yazır.
Bakıdakı “Atlas” Siyasi Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Rusiya və KTMT rəsmilərinin Azərbaycana ünvanlanan son çağırışlarında təzyiq əlaməti var. Cənab Şahinoğlu Amerikanın səsinə bunları deyib:
“Son zamanlar Rusiya rəsmilərinin Azərbaycana təzyiqləri artıb. Bu həm qarşılıqlı səfərlərdə hiss olunur, həm də yüksək səviyyəli telefon müzakirələrində. Belə görünür ki, Rusiya Azərbaycanın nəbzini yoxlamağa çalışırdı. Mənim fikrimcə, Azərbaycan rəsmiləri KTMT-yə qoşulmaq çağırışına yox cavabı verəcəklər. Cadəcə bunu açıq səsləyə bilməsələr də, Bakının cavabı yox olacaq. Çünki Azərbaycanın KTMT-yə qoşulması üçün heç bir əsas yoxdur”.
Yeri gəlmişkən, Moskva onu da bəyan edib ki, KTMT-nin yaradılmasına qərar verilmiş kollektiv hərbi birləşmələri postsovet məkanındakı münaqişələrin həllində o cümlədən Qarabağ münaqişəsinin həllində istifadə edilməyəcək.
Cənab Bordyuja bildirib ki, Azərbaycanla Ermənistan arasında vasitəçiliyi ATƏT-in Minsk qrupu həyata keçirir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qarabağ münaqişəsinin həllinə qarışmır və qarışmayacaq.
Elxan Şahinoğlu isə bu bəyanatı səmərəli saymır: “Hələ məlum deyil ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, KTMT-nin çevik qüvvələri özlərini necə aparacaqlar. Rusiyanın Ermənistanda hərbi bazası da var. Ötən il Gürcüstan müharibəsi zamanı Rusiya təyyarələrinin Ermənistan tərəfdən Gürcüstanı bombalaması barədə məlumatlar yayılmışdı. Beləliklə, həm KTMT-nin çevik hərbi birləşmələri, həm də Rusiyanın Ermənistandakı bazaları – bunlar hamısı Azərbaycan üçün real təhlükələrdir”.
Bəzi ekspertlər isə diqqəti habelə ona yönəldirlər ki, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin ortaq çevik qüvvəsini yaratması son aylar Kremlin Ermənistanı silahlandırması iddiaları ilə bağlı Azərbaycan tərəfinin kəskin etirazları fonunda baş tutub.
Moskva Ermənistana silah satdığını inkar edir, iki ölkənin hərbi əməkdaşlığının məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıqla izah edir.