Accessibility links

Barak Obama Amerikanın İranla əlaqələrə yeni başlanğıc verilməsini istədiyini deyib


ABŞ prezidenti Barak Obama Amerikanın tərəfdaşlıq və ticarət sahələrində İranla əlaqələrə yeni başlanğıc verilməsini istədiyini deyib. Novruz bayramı münasibəti ilə video müraciətində prezident İran liderlərinə üz tutaraq, ciddi fikir ayrılıqlarına baxmayaraq, administrasiyanın İran və beynəlxalq ictimaiyyətlə diplomatiya və konstruktiv əlaqələr yaradılması səylərini davam etdirmək əzmində olduğunu bildirib. Prezident İranla ABŞ arasında son 30 ildə gərginliklərin mövcudluğunu xatırladaraq indi yeni eraya başlanğıc verilməli olduğunu bildirib.


Barak Obama deyib ki, münasibətlər təhdidlər deyil, səmimiyyət və qarşılıqlı ehtirama əsaslanmalıdır. ABŞ dövlət başçısı bildirib ki, İranın ölkələr arasındakı yeri terror və ya silah deyil, sülhpərvər əməllərlə müəyyən edilməlidir. ABŞ prezidenti İranın belə bir yer tutmağa haqqı olduğunu, lakin bunun məsuliyyət tələb etdiyini deyib.


Novruz bayramı münasibətilə video müraciətində Barak Obama İranlıların da yeni il Bayramı kimi qeyd etdikləri Novruzun yeni vədlər gətirəcəyini deyib. Prezident bu vədlərin uşaqlar, ailələr və icmalara imkanlar yaradacağını dövlətlərarası sülhə yol açacağını bildirib. ABŞ dövlət başcısı təbrikini fars dilində Eydi Şoma, yəni bayramınız mübarək sözləri ilə bitirib.


Barak Obamanın dedikləri onun sələfi Corc Buşun İranın təciridi səyləri və bu ölkəni "şər mehvəri" adlandırdığı siyasətin tamamilə əksidir. Prezident Obama çıxışında diqqəti gələcəyə yönəldib.

ABŞ prezidenti keçmişdə İranla diplomatik təmaslar ehtimalından bir neçə dəfə bəhs etmişdi. Buna baxmayaraq dövlət katibi Hilları Klinton bu yaxınlarda İranla bağlı kəskin bəyanatlar vermişdi. ABŞ dövlət katibi İranı ərəb dünyasında parçalanmanı həvəsləndirmək, terrorizmi dəsdəkləmək və başqa ölkələri qorxutmağa çalışmaqda ittiham etmişdi. Xanım Klinton daha sonra demişdi ki, Obama administrasiyası yanlız İranla danışıqların nəticə verəcəyinə əmin olduğu təqdirdə bu ölkələylə müzakirələr keçirmək istəyir.


XS
SM
MD
LG