Accessibility links

‘Qəbələ RLS-in taleyini ABŞ-Rusiya münasibətləri həll edəcək’


Azərbaycan rəsmiləri Rusiyanın Ermənistanı silahlandırması ilə əlaqədar narahatlıqlarını bu gün yenidən səsləndiriblər. Bu arada, Bakıdakı siyasi ekspertlər isə Moskvanın Qəbələ RLS-nin icarəsinin uzadılmasında məqsədlərini şərh edirlər. Bütün bunlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu həftə Bakıya səfərindən sonra baş verir.

Beləliklə də, iki ölkə arasında “silah qalmaqalı”ndan dolayı bu ilin əvvəlində yaşanmış gərginlik, belə görünür ki, Rusiyanın baş diplomatının ziyarətindən sonra da səngiməyib.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu gün “Reuters” agentliyinə müsahibə verərək bəyan edib ki, Rusiya özünün hərbi texnikasını guya Gümrüdə yerləşən hərbi bazaya göndərdiyini bildirərək, əslində Ermənistanı təchiz edir.

Əzimov sual edib ki, Gümrüdəki bazaya yeni hərbi texnika gətirildiyi halda, bəs köhnələri hara gedir?

İki gün əvvəl Bakıda Azərbaycan rəhbərliyi ilə görüşmüş Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistana silah bağışlaması ilə əlaqədar “Mediaforum” saytında dərc olunmuş sənədi cəfəndiyyat adlandırmışdı.

Azərbaycan tərəfi isə öz növbəsində şübhələrinin əsassız olmadığını və məsələni sonadək araşdıracağını bildirmişdi.

Amerikanın səsinə müsahibə verən “Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli Moskva ilə Bakı arasında silah qalmaqalından dolayı gərginliyi belə şərh edir:

“Bu məsələdə anlaşma əldə olunmayıb, yəni hər iki tərəf öz fikrində qalır. Eyni zamanda, Azərbaycan haqlı olaraq tez-tez xatırladır ki, Rusiya 10 il əvvəl də Ermənistana 1 milyard dollar dəyərində silah ötürməsi faktları üzə çıxanda, bunu inkar edirdi. Bakıda bu iki inkarları bərabərləşdirməklə, əslində Moskvaya inanmadıqlarına işarə edirlər. Məncə, münasibətlətin belə vəziyyətdə inkişafı daha çox Azərbaycanın Rusiyadan uzaqlaşaraq, qərbyönümlü siyasətinin güclənməsinə gətirib çıxarır”.

Cənab Qaraçənli hesab edir ki, əslində bütün bu proseslər Rusiyadakı daxili vəziyyətdən asılıdır, belə ki, bu ölkə demokratikləşməyincə, Kremlin rəhbərləri də Qafqazda təxribatlarını davam etdirməyə məhkumdurlar.

Bu arada, Rusiya və Azərbaycan mətbuatı Moskvanın Azərbaycandakı Qəbələ RLS-nin icarəsinin uzadılmasında maraqlarını şərh edirlər. Bakıda olarkən, Rusiyanın baş diplomatı Lavrov 2012-ci ildə stansiyanın icarə müddətinin bitməsindən sonra da bu obyektdən istifadə etmək istəklərini dilə gətirmişdi.

Halbuki, daha əvvəl Rusiyadakı şərhçilər texniki baxımdan Qəbələ stansiyasının tədricən Moskva üçün marağını itirdiyini deyirdilər. Belə ki, Kreml artıq Şimali Qafqazda alternativ Armavir RLS-ni istifadəyə verib.

Ancaq ötən il Rusiyanın sabiq prezidenti, hazırkı baş nazir Vladimir Putin Qəbələnin ABŞ-la birgə istifadəsini təklif etmişdi.

Azər Qaraçənli bu mövzuda Bakı ilə Moskva araısnda aparılan danışıqları siyasi nəzakət xarakterli sayır, belə ki, onun fikrincə, Qəbələnin taleyi Azərbaycandan daha çox, ABŞ-dan asılıdır:

“Qəbələ RLS-in taleyini ABŞ-Rusiya münasibətləri həll edir. Əgər rusiya indiki gücündə qalsa və demokratikləşməsə, 2012-ci ildə stansiyanı əlində saxlamaqda davam edəcək. Azərbaycana gəldikdə, rəsmi Bakı bir çox məsələldə Rusiyaya müqavimət göstərib. Amma Azərbaycan dövləti Qəbələ RLS-I Rusiyanın əlindən tam almaq gücündə deyil. əgər bu məsələ Rusiya-Azərbaycan münasibətlərinin öhdəsinə qalsa Rusiya o stansiyanı heç vaxt əldən verməyəcək”.

Bu arada bir çox şərhlərə görə, ABŞ-la əlaqələrindən asılı olmayaraq, Rusiya Azərbaycanda maksimum şəkildə öz təmsilçiliyini saxlamağa çalışacaq.

XS
SM
MD
LG