Accessibility links

Hərbi ekspert: ‘Azərbaycan Əfqanıstana yük tranziti üçün ən yaxşı marşrutdur’


Bakıdan gələn xəbərlərə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Əfqanıstandakı qüvvələrin Azərbaycan, Türkiyə və Gürcüstan vasitəsilə təminatının yaxşılaşdırılması yolları üç ölkə hərbçiləri səviyyəsində müzakirə edilib.

Bu toplantı ABŞ-ın NATO üzrə müttəfiqlərini Əfqanıstana dair yeni strategiya hazırlamağa sövq etdiyi dövrdə gerçəkləşib. Hərbi ekspertlər isə Azərbaycanın Əfqanıstana tranzit marşrutu kimi baxılmasını təsadüfi saymırlar. Bakı müzakirələrini yaxından izləmiş hərbi mütəxəssis Üzeyir Cəfərov mövzu ilə əlaqədar Amerikanın səsinə müsahibə verib.

Sual: Bakıdakı ABŞ rəsmiləri Azərbaycan üzərindən qeyri-hərbi yüklərin Əfqanıstana göndərilməsinin mümkünlüyündən bəhs edirlər. Burada söhbət hansı marşrutlardan gedə bilər?

Cavab: Söhbət, ilk növbədə Amerikanın Qafqazda iştirakından gedir. Sözsüz ki, bu qeyri-hərbi yüklərin daşınmasında Amerika Hərbi Hava Qüvvələrinin Yerüstü Yerləşdirmə Mərkəzinin nümayəndələri və digər komandanlıqlar yaxından iştirak edəcəklər. Beləliklə, bu sülhməramlı proseslərdə hərbçilər də öz sözünü deyəcəklər.

Sual: Sizcə, Azərbaycanın hərbi hava infrastrukturu bu işdə keyfiyyətli iştiraka imkan verirmi? Ümumilikdə, ABŞ-ın Əfqanıstana təchizatında Azərbaycan marşrutunun üzərində götür-qoy etməsi hərbi baxımdan nə qədər əsaslandırılıb?

Cavab: Adətən, Amerika o marşrutları seçir ki, onlar üçün həm iqtisadi baxımdan, həm də geosiyasi kontekstdən əlverişlidir. Azərbaycan indiyə kimi ABŞ üçün çox sərfəli marşrut olub. Ölkə ərazisində bir neçə hərbi aerodrom NATO-nun dəstəyi ilə modernləşdirilib və həmin aerodromdan Amerikanın hərbu yük təyyarələri istifadə edə bilirlər. Sözsüz ki, burada texniki baxımdan xidmət, yanacaq və digər amillər incəliyinə kimi həllini tapıb. Ona görə də düşünürəm ki, Azərbaycan ərazisi təsadüfi seçilməyib.

Sual: Lakin hələ də açıq qalan bəzi suallar var. Məsələn, yüklər Azərbaycana necə gətiriləcək – dəniz, quru, yoxsa hava nəqliyyatı ilə? Eləcə də, onların Azərbaycandan daşınması əsasən hansı marşrutlar üzrə baş verəcək?

Cavab: Şübhəsiz ki, burada hər ölkə öz marağını güdür. Elə müzakirələr də bu istiqamətdə gedir. Aparılacaq bir çox qeyri-hərbi yüklərin həm Azərbaycanda, həm də Türkiyədə, belə deyək, yaxşı xammal bazası var. Buna görə də, amerikalılar okeanın o tayından qeyri-hərbi yükləri Əfqaqnıstana daşımaq və məsrəfləri böyütməmək üçün, bu yüklərin müəyyən hissəsini qonşu Türkiyədən eləcə də Azərbaycandan əldə edə bilərlər. Beləliklə də, bizim ölkə həm tranzit rolunu oynaya bilər, həm də ixracatçı. Üstəlik, məsafə nöqteyi-nəzərindən Azərbaycan marşrutu ən sərfəlisidir.

Sual: Bəs bütün bu əməkdaşlıq imkanları Azərbaycan hərbiyyəsinin üzərinə hansı məsuliyyəti qoyur?

Cavab: Sözsüz ki, bir ölkə olaraq, üzərimizə müəyyən öhdəliklər düşəcək və Azərbaycan mütəxəssisləri də bu öhdəlikləri yerinə yetirməlidirlər. Həmin yüklərin Azərbaycanda qəbul olunması, Əfqanıstana yola salınmasında işlərin asanlaşdırılması üçün, Azərbaycan mütəxəssisləri son dərəcə dəqiq olmalıdırlar. ABŞ, NATO və onların tərəfdaşları son dərəcədə dəqiq mexanizmlə çalışan ölkələrdir. Düşünürəm ki, gələcəkdə bu marşrut özünü doğruldarsa, şübhəsiz ki, onların silahlı qüvvələrinə dəstək xarakterli hərbi yönümlü yüklərin də Əfqanıstana daşınması həyata keçirilə bilər. Əlbəttə ki, buna Alyansın istəyi və Əfqanıstan tərəfinin arzusu olarsa.

Sual: Bir sıra ekspertlər Qırğızıstan hökümətinin koalisiya qüvvələrini Manas bazasından çıxarmaq qərarını siyasi səbəblərlə bağlayırlar. Bəs Azərbaycanın bu sahədə ABŞ-la əməkdaşlığa istiqamətlənməsi geosiyasi baxımdan Bakıya hansı mənzərəni vəd edir?

Cavab: İşin maraqlı tərəfi odur ki, Bakıda bu konfransın keçirildiyi dəqiqələrdə Azərbaycanın dövlət başçısı Alyansa heç də isti münasibət bəsləməyən ölkənin paytaxtında – Tehranda danışıqlar aparırdı. Digər tərəfdən, şimal qonşumuz Rusiya da bu məsələlərə qısqanclıqla yanaşır. Ona görə də sözsüz ki, bu proses sakitliklə getməyəcək, istər-istəməz müəyyən narazılıqlar və bəyanatlar səslənəcək. Amma heç kimə sirr deyil ki, bütün dövlətlər Əfqanıstana sabitlik və əmim-amanlığın bərpası üçün dəstəklərini bildirirlər...

XS
SM
MD
LG