Accessibility links

Rusiya prezidentinin aparat rəhbəri Bakıdadır


Cəmi bir neçə həftə əvvəl Azərbaycanla Rusiya arasında Moskvanın Ermənistana iri həcmdə silah ötürməsi və eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində birgə çevik qüvvə yaratmaq qərarından dolayı yaşanan gərginlik, belə görünür ki, indi tədricən aradan qalxmaqdadır.

Ötən həftənin sonunda Azərbaycan və Rusiya prezidentləri ikincinin təşəbbüsü ilə telefon söhbəti apararaq, ikitərəfli münasibətlərin inkişafına nəzər saldılar.

Bunun ardınca Bakıda iki ölkənin müxtəlif nazirlikləri səviyyəsində konsulluq məsələlərinə dair dialoq keçirildi və danışıqların sonunda diplomatlar arasında niyyət protokolu imzalandı.

Bu gün isə Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin başda olmaqla Moskvadan böyük nümayəndə heyəti Bakıya yollanıb.

Bundan əlavə, iki ölkənin xarici siyasət idarələri Rusiyanın baş diplomatı Sergey Lavrovun artıq mart ayının ilk ongünlüyündə Azərbaycana nəzərdə tutulan səfərinin hazırlandığını xəbər verirlər.

Qarşıda habelə Rusiyanın “Qazprom” şirkətinin Azərbaycan qazını bütünlüklə almaq təklifilə əlaqədar ikitərəfli enerji dialoqunun aparılacağı barədə məlumatlar yayılıb.

Bu arada isə, Rusiya prezidenti Dimitri Medvedev fevralın 24-də imzaladığı fərmanla ölkəsinin Azərbaycana yeni səfirini təyin edib. Vasili İstratovu bundan sonra Vladimir Doroxin əvəzləyəcək. Təzə səfir buna qədər Rusiya Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə müşavir işləyib.

Azərbaycanın rəsmi dövlət agentliyi AzərTAc xəbər verir ki, Sergey Narışkin bu gün Bakıdakı çıxışlarından birində Rusiyanın Azərbaycanla əməkdaşlığının strateji xarakter daşıdığını bildirib.

O deyib ki, son illər iki ölkənin rəhbərləri arasında ən yüksək səviyyədə dialoq qurulub və bu dialoq həm siyasi, həm humanitar, həm də hərbi sahədə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan verir.

Lakin Bakıdakı siyasi müşahidəçilər yuxarıda adıçəkilən sahələrdə Rusiya-Azərbaycan münasibətlərinin son illərdə o qədər də rəvan olmadığı, əksinə hətta gərgin olduğu fikrindədirlər.

Politoloq Qabil Hüseynli “Amerikanın səsi”nə açıqlamasında Rusiya ilə Azərbaycan arasında son hərbi-siyasi problem kimi, silah qalmaqalını yada salır:

“Rəsmi Bakı hər dəfə Rusiyanın Azərbaycanın maraqlarına zidd olan addımlarını birtəhər ötüşdürür.Gürcüstandan çıxarılan Rusiya qoşunlarının böyük bir hissəsi Ermənistana ötürüləndə bu məsələyə o qədər də böyük reaksiya verilmədi.

İndi son dövrdə Rusiya bir sıra təhlükəli təhdidedici addımlar atıb. Ermənistana külli miqdarda silahın verilməsi və birgə çevik qüvvə yaradılması. Bütün bu addımlar Narışkinin bəhs etdiyi strateji dostluq münasibətlərindən xəbər vermir və vəziyyətin problemli olduğunu göstərir".

Lakin Moskvadakı siyasi müşahidəçilər isə Rusiyanın Azərbaycana münasibətindən bəhs edərkən, əsasən nikbinliyə meyllənirlər. Mübahisəli məsələləri isə rus politoloqları regiondan uzaqda axtarmağa üstünlük verirlər.

Sergey Markov Rusiya Dumasının üzvüdür. O, Amerikanın səsinə müsahibəsində Bakı ilə Moskva arasında vaxtaşırı qabaran soyuqluğun ikincinin siyasi orientasiyasında olduğunu deyib:

“Biz Azərbaycanla əməkdaşlığa hər zaman hazırıq. Sadəcə olaraq bizə elə gəlir ki, Azərbaycan son zamanlar öz taleyini Vaşinqtonla əlaqələndirməklə, ciddi səhvə yol verib”.

Markov deyib ki, “təəssüf ki, Vaşinqton son illərdə Rusiya və digər region ölkələri ilə münasibətdə çox səhvlər edib və bizi narahat edən budur ki, Azərbaycan da bunun təsiri altına düşə bilər”.

Cənab Markov deyib ki, lakin Azərbaycan çox ehtiyatlı olmalıdır. Xüsusilə də özünün hazırda inkişaf edən iqtisadi artımını saxlamaq üçün”…

Bir sıra ekspertlərə görə, bu ilin əvvəlində Rusiya ilə Ukrayna arasında yaşanmış qaz mübahisəsi Qərbi bir daha Rusiyadan yan keçən yollarla özünə qaz təchizatçıları tapmağa sövq edib.

Bu halda, bir çoxları Azərbaycanın həmin prosesdə aparıcı rollardan birini oynayacağını düşünürlər.

Elə Moskvada da ekspertlər istisna etmirlər ki, davam edən mübahisə avropalıları Xəzər regionuna alternativ qaz mənbəyi kimi daha ciddi nəzər salmağa vadar edib.

Hazırda Azərbaycan həm Qərb, həm Moskva ilə enerji əməkdaşlığı ilə bağlı müxtəlif səpkili təklifləri nəzərdən keçirir.

Söhbət həm Nabukkodan, həm də rus nəhəngi “Qazpromun” bütün Azərbaycan qazını satın almaq təklifindən gedir. Lakin Nabukko tam aydın olmayan bir layihədir.

Lakin rəsmi Bakı hələ heç bir tərəfə konket cavab verməyib. Azərbaycan siyasətçiləri bunu praqmatik yanaşma kimi səciyyələndirirlər.

XS
SM
MD
LG