Amerika aktyoru Corc Kluni Obama administrasiyasını Birləşmiş Ştatların Sudanın Darfur regionunda böhrana son qoymaq səylərini artırmağa çağırıb. Amerika Kino Akademiyasının Oskar mükafatı laureatı olmuş aktyor prezident Barak Obama və vitse-prezident Co Baydenlə Ağ Evdə görüşüb. Görüş zamanı Kluni onları bu yaxınlarda Sudanın Çadla sərhəd bölgələrinə səfəri zamanı baş çəkdiyi qaçqın düşərgələrində vəziyyət haqda məlumatlandırıb. CNN televiziyasına müsahibəsində Kluni deyib ki, 250 min qaçqın düşərgələrdə dözülməz vəziyyətdə yaşayır. Kluninin sözlərinə görə, o, prezident və vitse-prezidenti birbaşa Ağ Ev qarşısında hesabat verəcək region üzrə xüsusi nümayəndə təyin etməyə çağırıb. BMT-nin Sülh elçisi olan Corc Kluni deyib ki, Sudan hökuməti Darfurda qaçqın düşərgələrinə baş çəkmək üçün ona viza verməkdən imtina edib. BMT-nin məlumatına əsasən, 2003-cü ildə üsyançılar və Sudan hökuməti arasında döyüşlərdə 300 mindən artıq insan həlak olub, 2.7 milyon insan isə münaqişə nəticəsində məcburi köçkün olub.