Təbrizdəki mənbələrin verdiyi məlumata görə, fevralın əvvəlində azərbaycanlı
fəallar Həmid Valai və Qulam Nəcəfi
Təbrizin İslam İnqılab Məhkəməsinin 2-ci şöbəsində hakim qarşısına çıxarılıb. Məhkəmə
prosesinin başlanğıcında hakim azərbaycanlı fəalların rəsmi olaraq “Dövlətçiliyə
qarşı təbliğat”da ittiham olunduğunu nəzərə çatdırıb. İttihamçı tərəf olan
Ettelaat idarəsi azərbaycanlı fəallar tərəfindən hazırlanaraq, nəşr edilən
“Günəş” jurnalının “Azərbaycanda may üsyanları” ilə bağlı özəl sayını sübut
olaraq təqdim edib. Təhlükəsizlik orqanları həm də bu jurnalın qanunsuz olaraq
nəşr edildiyini iddia edib. Azərbaycanlı fəallar isə “Günəş” jurnalının rəsmi
icazə ilə nəşr olunduğunu bildirib və
bunu təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim etməyə cəhd göstəriblər, amma
hakim “Jurnalın nəşri qanuna uğun olsaydı yəqin ki, Ettelaat müdaxilə etməzdi!”
deyə cəvab verib. Cənab Nəcəfi və Valai bütün fəaliyyətlərinin mövcud qanunlar
çərçivəsində baş verdiyini və onlara qarşı irəli sürülən ittihamların tamamilə əsassız
olduğunu bildiriblər. Cənab Valai həm də,
Təbriz Ettelaatında saxlandığı müddətdə ona ağır işgəncələr verilməsi ilə bağlı
məsələyə baxılmasını tələb edib. Amma hakim “Sizin Ettelaatda işgəncə olunmağınızın bu məhkəməyə
aidiyyəti yoxdur!” deyə onun vəsatətini rədd edib. Məhkəmə hər-hansı qərar
qəbul olunmadan təxirə salınıb.
Həmid Valai hüquq təhsili
alsa da İran Ettelaatı onun bir vəkil kimi fəaliyyətinə mane olur. Keçən
il Ettelaat əməkdaşları tərəfindən həbs
olunan cənab Valainin saxlandığı qapalı təcridxanada ağır işgəncələrə məruz
qaldığı, bir ayağı və bir neçə dişinin sındırıldığı barədə məlumatlar
yayılmışdı. O, bununla bağlı İranın Ali Məhkəməsinin sədrinə dəfələrlə müraciət
etsə də, indiyənədək onun bu müraciətlərinə məhəl qoyulmayıb.