Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Milli Şuraya rəhbərlik etmiş Məmməd Əmin Rəsulzadənin səsi 50 ildən artıqdır ki, radiomuzun arxivində qorunub saxlanır.
1953-cü ilin 28 mayında Amerikanın səsi radiosu Azərbaycanın Cümhuriyyət qurucusunun müsahibəsini yayınlayanda, artıq Rəsulzadənin özü də, onun qurduğu Demokratik Cümhuriyyət də Bakıda siyasi zehnlərindən silinmişdi. Bu, o vaxtkı siyasi reallıqlarla əlaqədar idi.
Sabah isə, Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Azərbaycanda elm adamları və siyasi xadimlər Cümhuriyyət banisinin 125 illiyini yada salsalar da, onun yubileyi dövlət səviyyəsində qeyd olunmur.
Rəsmilər bunu belə əsaslandırırlar ki, Cümhuriyyət qurucularından yalnız Rəsulzadənin fərqləndirilməsi başqalarına qarşı ayrı-seçkilik olardı. Bu yanaşmanın əleyhdarları isə bəyan edirlər ki, dövlət gərək öz millətinin tarixinə yiyə çıxsın:
Professor, tarix elmləri doktoru Cəmil Həsənli isə Amerikanın səsinə müsahibəsində Azərbaycan xalqının və dövlətinin Rəsulzadənin real qiymətini verdiyini deyib. Bununla yanaşı o, milli xadimin 125 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmamasını mənfi hal sayır. Hərçənd, tarixçi-alim əlavə edir ki, Rəsulzadə yubileysiz də qəlblərdə yaşayır:
“Rəsulzadənin ən böyük xidməti odur ki, onun keçdiyi həyat yolu vətənə, millətə və dövlətə xidmət nümunəsidir. O, qeyd edirdi ki, müstəqilliyi olmayan millət azad ola bilməz. 1918-ci ilin may ayının 28-də Rəsulzadənin rəhbərliyi ilə İstiqlal Bəyannaməsinin elan olunması ilə, o zamana qədər coğrafi bir kəlmə olan Azərbaycana, Rəsulzadə siyasi məzmun verdi. Və o vaxtdan etibarən dünyanın siyasi xəritəsinə Azərbaycan adlı bir dövlət daxil oldu...
1990-ci illərdə Azərbaycan öz müstəqilliyinə yenidən qovuşduqdan sonra Rəsulzadənin keçdiyi həyat yolunun, siyasi mübarizəsinin və mühacirət dövrünün öyrənilməsi istiqamətində çox işlər görülüb. Beləliklə, tarixi müstəvidə Rəsulzadə ilə bağlı çox işlər görülüb. Siyasi müstəviyə gəldikdə, vaxtı ilə Rəsulzadənin qaldırdığı bayraq bu gün də Azərbaycan Respublikasının başı üzərində dalğalanırsa, bu, Rəsulzadə irsinin yaşamasıdır...
Rəsulzadənin anadan olmasının 125-ci doğum günü dövlət səviyyəsində qeyd edilməli idi. Çünki onun Azərbaycan millətinin taleyində və tarixində müstəsna rolu var. Dövlətin borcu idi ki, bunu etsin. Azərbaycan dövləti də, milləti də fəxr etməlidir ki, onun tarixində Rəsulzadə kimi adam olub.
Ancaq mən belə başa düşürəm ki, əsl heykəl insanların ürəyində olur. Mən əminliklə deyə bilərəm ki, azərbaycanlıların böyük bir hissəsinin ürəyində Rəsulzadənin möhtəşəm abidəsi var".