ATƏT Rusiya liderlərini ölkədə jurnalistlərə qarşı artmaqda olan zorakılıqlarla bağlı ölçülər götürməyə çağırıb. Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putinə ünvanlanan məktubda ATƏT-in media azadlıqları üzrə nümayəndəsi Mikloş Haraşti Moskvanı "xroniki insan hüquqları böhranı" ilə mübarizəyə səsləyib. Mikloş Haraşti bu həftə jurnalist Anastasiya Baburova və insan hüquqları vəkili Stanislav Markelevin qətli də daxil edilməklə, son zamanlar baş verən bir sıra zorakılıq hallarını önə çəkib. Haraşti Moskvanın yüksək vəzifəli şəxslərini jurnalistlərə qarşı təzyiqlərin pislənməsinə və cinayətkarların məhkəmə qarşısına çıxarılmasına çağırıb.