Accessibility links

İsrail ordusu Qəzzaya daxil oldu


Şənbə gecəsi İsrailin quru qüvvələri Qəzza zolağının bir neçə məntəqəsinə daxil olduqdan sonra, onlarla Həmas yaraqlıları arasında atışmalar davam edir. İsrail əməliyyatda iki əsgərin ağır xəsarət aldığını, əlavə 30 əsgərin isə yaralandığını bildirir. Həmas isə onlarla yaraqlısının yaralandığını və öldürüldüyünü xəbər verir. Qəzza rəsmiləri İsrailin bir həftədən çox Qəzzada apardığı hərbi əməliyyatda təxminən 500 fələstinlinin həlak olduğunu söyləyirlər.

İsrailin quru qüvvələri və tankları Qəzza şəhərinin ətrafındakı mövqelərə daxil olub. Tanklar Qəzza bölgəsində keçmiş yəhudi məntəqələrində yerləşib. Deyilənlərə görə, İsrailin hərbi qüvvələri Qəzza zolağını şimal və cənub bölgələrə ayırıb. Fələstinin tibb xidmətinin işçiləri deyirlər ki, İsrailin hərbi qüvvələri ilə Həmas yaraqlıları arasında bu gün küçələrdə gedən döyüşlərdə çoxu mülki vətəndaş olmaqla 30-dan çox adam öldürülüb.

İsrail Baş Naziri Ehud Olmertin sözçüsü Mark Regev televiziyaya verdiyi müsahibədə deyib ki, hərbi qüvvələr dayanıqlı sülhə nail olmaq məqsədilə əməliyyatı davam etdirəcək. İsrail hərbçiləri isə bildirirlər ki, onların Qəzzanı yenidən işğal etmək planı yoxdur. Hədəf Həmasın ərazidəki infrastrukturunu məhv etməkdir. Baş Nazir Olmert bu gün kabinet iclasında deyib ki, Qəzzaya qüru qüvvələri ilə hücum etmək qərarı keçən cümə günü qəbul edilib. O, deyib ki, hökumət hərbi əməliyyata başlamazdan öncə bütün imkanlara əl atıb. Lakin son addım qaçılmaz olub. Həmas isə Qəzzanı israillilər üçün qəbirstanlığa çevirəcəyini bildirir.

XS
SM
MD
LG