“Böhran böhran gətirir. Neft ölkələri indi ağır durumla üz-üzədirlər”. Bunu Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayılov “Amerikanın səsi” radiosunda keçirilən dəyirmi masada bəyan edib.
Cənab İsmayılov Neft İxrac Edən Ölkələrin Təşkilatı – OPEK-in Əlcəzair iclasında hasilatı ən rekord həddə azaltmaq barədə qəbul etdiyi qərara baxmayaraq, bu gün dünya birjalarında “qara qızıl”ın qiymətinin enməsini “yeni böhranın əlaməti” adlandırıb.
O deyib ki, indi dünyada iqtisadi tənəzzül o həddə çatıb ki, hətta OPEK-in süni tədbirlər qərarı da neftin qiymətinə heç bir təsir etmir: “Hasilat kvotası azaldılsa da, neftə qənaət artıb və istehlakçı da azalır. Burada siyasi qərarların da böyük rolu var. Barak Obamanın prezidentliyi dövrundə neftə tələbatın azalmasına çalışacağı barədə bəyanatı da vəziyyətə təsir etdi. İndi neft ölkələrini kəskin böhran gözləyir”.
Ekspert deyib ki, təhlükə ilk olaraq Rusiya ilə İranı yaxalaya bilər. Belə ki, bu ölkələrin böyük valyutaları tükənmək üzrədir. Azərbaycana gəldikdə, cənab İsmayılova görə, bu ölkədə Neft Fondunun xərclərində problemlər yaranacaq və belə böhranın siyasi vəziyyətə də təsiri qaçılmazdır.
“Artan xərclərin birdən-birə dayanması iqtisadi və siyasi təlatümlər yarada bilər. Bu, bütün sahələrə öz mənfi təsirini göstərəcək” - deyə ekspert vurğulayıb.
Dəyirmi masanın digər iştirakçısı, Azərbaycan Dözlət Neft Şirkətinin sabiq prezidenti Sabit Bağırov isə nisbətən nikbin proqnozlar səsləndirib. O deyib ki, həm Rusiya, həm də Azərbaycanın yaxın illərdə böhrandan yayınmaq üçün kifayət qədər valyuta ehtiyatı var:
“Sadəcə o vəsaitlər indi daha böyük sürətlə əriyəcək. Amma bu, onların tezliklə tükənməsi deyil. Tam tükənmə bir neçə il vaxt apara bilər. Amma o vaxta qədər isə dünya iqtisadiyyatı yenidən dirçələ bilər. Çünki bu cür böhranların ömrü uzun olmur”.
Cənab Bağırov deyib ki, böhranlar həm də özü ilə yeni iqtisadi imkanlar açır və iqtisadiyyatı daha işlək edir.