Accessibility links

Əsgər Əkbərzadə 5 il azadlıqdan məhrum edilib


“İran İnsan Haqları Fəalları Birliyi”nin yaydığı məlumata görə, Ərdəbilin İslam İnqılabı Məhkəməsi azərbaycanlı tələbə Əsgər Əkbərzadəni 5 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin qərarına görə, Ərdəbilin Peyam Nur Universitetinin tələbəsi cənab Əkbərzadə 5 illik həbs cəzasını İranın ən ucqar vilayəti olan Zahidan şəhəri həbsxanasında sürgündə keçirməlidir.

Yerli mənbələrin məlumatına əsasən, fəalın taleyi 10 dəqiqə ərzində həll olunub. İnqilab Məhkəməsinin Sədri, Qazi Həsənzadə müttəhimə 2 sual verib. Hakim, müttəhim sözünü bitirmədən onun məhkəmə iclasini tərk etməsini və gözləmə otağında gözləməsini əmr edib.

İslam İnqilabı Məhkəməsinin sədri Həsənzadə daha sonra azərbaycanlı fəalın haqqında qərarını elan edib.

Məhkəmə iddia edir ki, Azərbaycanlı fəal Əsgər Əkbərzadə, başqa bir fəal Abbas Lisani ilə birlikdə Azərbaycan Milli Hərəkatı adlı qrupun təşkilində iştirak edib. Bundan başqa o, “Pan Türkist” bəyanatlar, elanlar, kasetlər və disklər yayıb, Babək Qalası, Səttarxan mərasimi və başqa “qanunsuz” yığıncaqlara qatılıb.

Eləcə də azərbaycanlı fəal dövlətçiliyə qarşı anti-təbliğat məqsədi ilə Ərdəbildə baş verən hadisələr barədə insan haqları təşkilatlarına və xarici saytlara məlumatlar ötürüb və İranda etnik qarşıdurma yaratmağa cəhd edib.

Yeli Mənbələrin bildirdiyinə görə, cənab Əkbərzadəyə, ona qarşı irəli sürülən iddialarla bağlı özünü müdafiə etmək haqqı verilməyib.

Məhkəmə, Ərdəbil Ettelaatının müttəhim haqda irəli sürdüyü iddiaların araşdırmaqdan imtina edib və həmin iddiaları təsdiq edən sübutların olub-olmaması ilə maraqlanmayıb.

Yerli mənbələrin bildirdiyinə əsasən, vəkil müdafiəsindən məhrum edilən cənab Əkbərzadənin məhkəməsi tam qapalı keçirilib.

Əkbərzadə bundan öncə iki dəfə həbs olunub. O ilk dəfə, 2 il əvvəl İran Azərbaycanı şəhərlərində baş vermiş May üsyanları zamanı həbs olunmuşdu. Əkbərzadə daha sonra ötən ilin Mayında yenidən həbs olunmuş və bir müddət sonra zaminə buraxılmışdı. İnsan haqları təşkilatları onun həbsxanada ağır işgəncələrə məruz qaldığını bildirir.

XS
SM
MD
LG