Bu gün Beynəlxalq İnsan Haqları günüdür. Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda insan haqları üzrə fəallar və hüquq müdafiəçiləri BMT-nin Ümumbəşəri İnsan Haqları Bəyənnaməsinin qəbulunun 60 illiyini qeyd edirlər.
Bəyannamə əslində o dövrdə müharibənin
iztirablarından doğmuş insan ləyaqətinə hörmətsizliyə etiraz olaraq ərsəyə
gəlmişdi. Lakin indinin özündə də dünyanın insan haqları ilə məşğul olan
qurumları bu bəyannamənin aktuallığını qeyd edirlər. Hətta bir qədər pessimistlər, indiki vəziyyətin son 60 ildə getdikcə
pisləşdiyini söyləyirlər.
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq hesab edir ki, bu gün, dünyanın müxtəlif regionlarında məsələn Yaxın Şərq, Qafqaz və bigər bölgələrdə baş verən hadisələrə nəzər salanda, insanın ən sadə hüquqlarının necə pozulduğunun şahid olmaq mümkündür.
“Amerikanın səsi”nə müsahibəsində komissar deyir ki, Avropanın demokratik institutlarını rədd edən hökumətlər böyük səhv edirlər.
Belə ki, bir çox hallarda insan hüquqlarından bəhs olunanda hökumətlər bunu onların daxili işinə müdaxilə kimi qəbul edirlər. Halbuki, Hammerberq deyir ki, insan hüquqları universaldır və onlar bütün sahələrdə - iqtisadi, sosial, insan hüquqları - mütləq tətbiq və şamil edilməlidir.
Postsovet regionunda, xüsusilə də Azərbaycanda insan haqlarının vəziyyəti barədə sualımıza Hammerberq belə cavab verdi ki, mənzərə kifayət qədər tünddür, lakin hələ də işıq gələn səmt var…
“Faktiki olaraq, biz bu ölkələrlə bütün problemləri nəzərdən keçiririk. Azərbaycan höküməti hələ iki il əvvəl ölkədə insan haqlarının qorunmasına dair milli plan qəbul edib. Biz Əliyev hökumətinini ən yüksək səviyyəli nümayəndələri ilə Avropa Şurasının tövsəyələrini müzakirə etmişik və edəcəyik. Mən özüm vaxtaşırı olaraq Bakıda səfərlər edirəm. İstəyirəm görək ki, tövsiyələrimizin hansını reallaşdırmaq mümkün olub. Əlbəttə, əvvəllər verdiyimiz tövsiyələr də nəzərdə saxlayırıq”.
Hammerberq deyir ki, Azərbaycan kimi ölkələrdə hökumətlərin neft pullarının artması hesabına müqavimətinin güclənməsi ilə Avropa Şurasının təsir imkanlarının zəifləməsi bir-birinə bağlı prosesdir. Amma o, bu qüvvələr nisbətindən hansının üstün olduğunu deməkdə çətinlik çəkir. Belə ki, Avropa Şurası ancaq əlində olan təsir imkanlarından istifadə edir, bundan başqa heç nə edə bilməz.
Amma komissar diqqəti ona yönəldir ki, insan hüquqlarının yerinə yetirilməsinə nəzarət daimi olmalıdır. Belə olmayan təqdirdə, buna qarşı etimad azala bilər.
“Sərbəst toplaşma
azadlığı, ifadə azadlığı, söz azadlığı ən fundamental insan hüquqlarındandır.Hər hansı
bir ölkədə insan hüquqlarının pozulması baş verirsə, mütləq onlara qarşı
tədbirlər görülməlidir, onların üstü açılmalıdır. Digər məsələ ondan ibarətdir
ki,hesabatların verilməsi, məlumatların
ötürülməsi ədalətli şəkildə həyata keçirilməlidir. Ədalətli dedikdə, biz vəziyyəti doğru dərk
etmək, düzgün qiymətləndirmə və hər hansı bir məlumat barəsində düzgün məlumat
verməyi nəzərdə tuturuq. Əlbəttə ki,
gerçək faktlara söykənməyən hansısa bir məlumatın ötürülməsi heç bir şəkildə
səmərəli ola bilməz və bunların nəticəsində insan hüquqlarını qorumaq mümkün
deyil. Siyasi hakimiyyətdə kimin olmasında
asılı olmayaraq bu hüquqların müdafiə edilməsi vacibdir”.
Eyni zamanda, Hammerberq deyir ki, insan haqlarının müdafiəsində kamil dövlət yoxdur, istənilən dövlətdə insan hüquqlarını müəyyən bir şəkildə pozulması halları mövcuddur.
Hammerberq yaxın aylarda bir neçə postsovet ölkəsinə səfər etməyi planlaşdırır. O deyir ki, bəzi hallarda müəyyən beynəlxalq mexanizmlər və Avropa çərçivəsində fəaliyyət göstərən qurumlar bu bölğədə hər hansı bir problemin həllində kifayət qədər yaxından iştirak edə bilmirlər. Komissarın sözlərinə görə, bu, ona görə baş verir ki, həmən məlumat barəsində o qurumlara yetəri dərəcədə məlumat çatdırılmış olmur.