Azərbaycan, Türkmənistan və Türkiyə prezidentləri – İlham Əliyev, Qurbanqulu Berdımühəmmədov və Abdulla Gül bu həftə Aşqabadda üçtərəfli danışıqlar aparacaqlar.
Türkmənistan prezidenti mətbuat xidmətinın yaydığı açıqlamaya görə, həmən vaxt Türkmənistanın paytaxtında prezidentlərin iştirakı ilə energetika problemlərinə həsr edilmiş sammit təşkil olunacaq. Bu tədbirin əsas müzakirə mövzusu isə Nabukko layihəsi olacaq.
Qərb ölkələri, xüsusilə də ABŞ xeyli vaxtdır ki, Azərbaycanla Türkiyəni Avropanın alternativ enerji qaynağını təşkil edəcək bu layihənin reallaşmasında Türkmənistanı həvəsləndirməyə səsləyirlər. Buna görə də indi Avropanın gözləri indidən, bu həftə Aşqabadda keçiriləcək sammitə zillənib.
Rusiya isə bəyan edir ki, həm Azərbaycandan, həm də Türkmənistandan bu ölkələrin ehtiyatında olan bütün qazı dünya qiymətləri ilə almaq əzmindədir və beləliklə də, ümumən Nabukko layihəsi vasitəsilə alternativ qaz jkəmərinin tikintisinə ehtiyac yoxdur. Rusiya liderləri bu layihənin Moskvanın enerji təhlükəsizliyinə hədə olduğunu da xatırladırlar.
Beləliklə də, artıq özünəməxsus, yeni il qabağı ənənəyə çevrilmiş Qərb-Rusiya qaz çəkişməsi bu il də təkrar olunur. Bu baxımdan indi əksər şərhçilərə görə, Xəzər qazı ugrunda beynəlxalq rəqabət indi xeyli mürəkkəbləşib və işi həll etmək elə də asan olmayacaq.
Ankaradakı Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin ekspreti Celalettin Yavuz hesab edir ki, Aşqabad sammitinin məhz Azərbaycan və Türkmənistan liderlərinin iştirakı ilə keçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, indi əsas sual Nabukko kəmərinin nə vaxt çəkiləcəyi yox, nə üçün çəkiləcəyidir.
Türkiyəli ekspert deyir ki, əslində bu işin bu qədər yubanmasında Qərb ölkələri də günahkardırlar belə ki, Nabukkonun hədəfləri və ora qoşulacaq ölkələrin siyahısı çoxdan müəyyənləşməli idi. Səhv bundadır ki, Avropa ölkələri hələ indiAzərbaycan və Türkmənistanın Qərbin qaz təchizatında oynadığı strateji rolu dərk etməyə başlayarkən, Rusiya çoxdan iş başındadır.
Bir neçə gün öncə «Amerikanın səsi»nə müsahibə verən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi isə deyib ki, Birliyin Azərbaycanla Türkmənistandan birbaşa qaz almaqda böyük marağı var və bunun üçün lazım olan bəzi şərtlər hər iki ölkə rəhbərliyi ilə müzakirə olunub. O, ümid etdiyini bildirib ki, «Nabucco» qaz boru kəməri layihəsi ilə bağlı hökumətlərarası razılaşma artıq gələn ilin əvvəlində imzalana bilər.
Bir sıra yerli ekspertlər isə hesab edirlər ki, əslində Nabukko layihəsi vasitəsilə qazı satan və alan ölkə onu vasitəçi olmadan birbaşa almaqda maraqlıdır. Buna görə də Azərbaycanla Türkmənistan öz təbii sərvətini Avropa Birliyinə satmaqda qərarlıdır.
Cəlaləddin yavuzun sözlərinə görə, əgər bu sahədə siyasət düz qurularsa və hər hansı kompromis tapılsa, Xəzər ə Orta Asiya qazını almaqda maraqlı olan Rusiya və İran bu məsələdə daha sakit davranacaq.