Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və Qırğızıstan Türkdilli dövlətlərin Parlament Assambleyasını yaradıblar.
Cümə günü İstanbulda 5 ölkənin qanunverici orqan rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Assambleyanın məramnaməsi qəbul olunub. Türkmənistan və Özbəkistan görüşdə iştirakdan imtina ediblər.
Assambleyanın məramnaməsinə görə, onu yaratmaqda məqsəd türkdilli ölkələrin birliyinə nail olmaq və ortaq problemləri, eləcə də başqa məsələləri birlikdə müzakirə edib, qanunverici qərarlar qəbul etməkdir.
Assambleyanın yaradıcılarından olan Türkiyə Böyük Millət Məclisinin komissiya rəhbəri millət vəkili Əlaəddin Böyükqaya Amerikanın səsinə deyib ki, ortaq parlament Assambleyasının yaradılması türkdilli ölkələrin inteqrasiyasını daha da sürətləndirəcək.
Onun fikrincə, birgə qanunverici orqanın fəaliyyətə başlaması bu, dünyadakı bütün türklər üçün yaxşı şansdır:
“Hamının bir yerdə olması türklər arasında bir vəhdətin olduğunu göstərəcək. Düzdür, bəzi işlər yavaş gedir. Amma gəlin keçmişə baxaq. Əvəllər türk dünyası hansı vəziyyətdə idi indi necədir. Deməli, tədricən bu işləri görmək mümkündür”.
Amma bir sıra müşahidəçilər isə türkdilli dövlətlərin hazırda bir çox siyasi və iqtisadi məsələlərdə birlik nümayiş etdirmədiyini əsas gətirərək, onların birliyinin yaranmasına skeptik yanaşırlar. İndiyədək türkdilli ölkələr arasında qarşılıqlı vəhdətin möhkəmlənməsinə yönələn bir çox qərarlar qəbul edilib, amma gerçəkləşməyib. Bunlar arasında ortaq dilin yaradılması üzərində işlərin aparılması, Türkdilli Dövlətlər Birliyinin yaradılması üçün konsepsiyanın hazırlanması da olub.
Bundan əlavə, dünyadakı türkdilli dövlətlər arasında nə iqtisadi, nə də siyasi məsələlərdə birlik müşahidə edilmir. Misal üçün Ermənistan Azərbaycan və Türkiyəyə qarşı müxtəlif iddialarla çıxış etsə də, Mərkəzi Asiya dövlətləri onunla diplomatik və iqtisadi əlaqələr saxlayırlar. İqtisadi məsələlərə gəldikdə isə, Qazaxıstanla Türkmənistan öz neft və qazının Avropaya ixracının tək Azərbaycanla Türkiyə deyil, o cümlədən Rusiya ərazisindən aparılması barədə düşünürlər.
Hərçənd, türkiyəli deputat Əlaəddin Böyükqaya bu cür siyasi kurs fərqlərini türkdilli ölkələrin birliyi yolunda ciddi əngəl saymır. Onun fikrincə, siyasi müstəvilərdə türk birliyinin yaranması üçün vacib olan əsas amil, müxtəlif türk xalqlarının onların ümumi kökdən qaynaqlanmasını və bir biri ilə qardaş olmasını anlamasıdır. Iqtisadi məsələlərə gəldikdə, Türkiyəli parlamentar diqqəti regonun bu ölkələr üçün vacib infrastrukturuna yönəldir:
“İndi Bakıdan Fransaya qədər bir dəmir yolu çəkilməkdədir. Deməli, ortada böyük bir iş gedir. Halbuki, Rusiya-Gürcüstan müharibəsindən sonra regionda böyük strateji dəyişikliklər olmuşdu”.
Bəs Türk ölkələrinin Parlament Assambleyası hansı qərarları qəbul edəcək? Bu qurum məsələn bu günə qədər heç bir ölkə tərəfindən rəsmən tanınmamış Xocalı soyqırımı kimi hadisələrə siyasi qiymət verə bilərmi? Əlaəddin Böyükqaya bunda problem görmür.
“Türkiyədə Xocalı qətliamını çox yaxından öyrəniblər. Türk xalqı Xocalıda nələr olduğunu bilir. Azərbaycanla Türkiyənin əməkdaşlığı sayəsində Qarabağ probleminin çözüləcəyinə inanırıq”.
Amma bütün hallarda, Qərb təhlilçilərinə görə, siyasi və iqtisadi müstəqilliklərini tam təmin etməmiş, türkdilli ölk lər arasında uzunmüddətli birlik çətin ki, mümkün ola...