Bu gün Bişkekdə Rusiyanın
təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinın görüşü
olub. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.
Müstəqil Dövlətlər Birliyinın sammiti çərçivəsində keçirilən görüşün
təfərrüatları barədə heç bir məlumat verilmir.
Bundan iki həftə əvvəl
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Nyu Yorkda BMT sammiti
çərçivəsində Türkiyənin vasitəçiliyi ilə görüşmüşdülər. Hazırkı Bişkek sammiti
isə Qafqazdakı müharibədən sonra ilk MDB toplantısıdır və bir çox görüşqabağı
şərhlərə görə, bu mövzu sammitin əsas müzakirə obyektlərindən olmalıydı.
Ancaq nə sammitin rəsmi nəticələrində, nə də
Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinın birgə görüşü ilə
bağlı məlumatlarda bu məsələdən bəhs edilmir və ehtimallara görə, bu, MDB
ölkələri arasında fikir birliyinin olmaması ilə əlaqədardır.
Moskvalı
ekspert professor Aleksandr Karavayevə görə, Rusiya Qafqazda separatçı
bölgələrin tanınmasına nail olmasa da, burada yeni status-kvonun müəyyən mənada
qəbuluna nail olub. İndi isə Moskva yeni status-kvoyla MDB ölkələrini də barışdırmaq istəyir. Bu
ölkələrin əksəriyyəti isə, məsələn Azərbaycan, Moldova və digərləri Rusiyanın
Qafqazda yeni qaydalarını məhz ərazilərindəki münaqişələrə görə qəbul etmirlər.
Beləliklə də Bişkekdə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın
xarici işlər nazirlərinin görüşü, ekspertə görə, daha çox Moskvaya lazım idi: “Son hadisələrə nəzər saldıqda, Qarabağ nizamlaması
ilə bağlı keçirilən ikitərəfli və üçtərəfli görüşlər daha çox nüfuz yarışına
bənzəyir. Əlbəttə, hər hansı yeni format özlüyündə yeni konyekturalar gətirir.
Amma ümumilikdə nizamlama prosesində elə bir dəyişiklik baş verməyib. Konkret
olaraq Rusiya nə dərəcədə problemin həllinə kömək edə bilib, bu sual mübahisəli
və qeyri-müəyyəndir”.
Politoloq deyib ki, bütün hallarda nazirlərin
görüşləri müəyyən nikbinlik gətirir. Çünki hər halda, onlar bir-birinin
mövqeyini prezidentlərə məruzə edirlər. Amma danışıqların əvvəllər olduğu kimi,
bir formatda deyil, müxtəlif formatlarda aparılması nizamlama prosesində bir nizamsızlıqdan xəbər verir. Bu isə son
illərdə tərəflər arasında əldə edilmiş nəticələri təhlükə altına salır. Bütün hallarda ekspertə görə, danışıqlar
prosesini təhlil etmək üçün Azərbaycandakı prezident seçkilərini gözləmək
lazımdır: “Əgər prezident seçkisindən sonra Əliyev-Sərkisyan
görüşlərini davam etdirmək mümkün olsa, o zaman müəyyən perspektivdən danışmaq
olar. Yalnız ondan sonra deyə bilərik ki, hansısa yenilik var, ya yox”.
Bununla yanaşı, Moskvalı ekspert deyir ki, əgər Rusiya ilə Türkiyənin Qarabağ
nizamlamasındakı vasitəçilini “Qafqaz evi”ndə birləşdirmək mümkün olsa, o zaman
danışıqlara yeni nəfəs gələ bilər. ATƏT-in Minsk Qrupuna gəldikdə, cənab Karavayev
deyir ki, bu qrup artıq dağılıb:“Biz əvvəllər də Minsk Qrupundan prosesin həlli
istiqamətində real iş görmədik. Prezidentlər görüşürdülər, amma nəticə olmurdu.
Son illər bu qrup faktiki olaraq heç nə etmirdi. Nəticə yox
idi”.
Ekspert deyir ki, indi
Minsk Qrupu faktiki olaraq, Rusiya ilə Amerika arasındakı gərginliyin güdazına
gedib.