Gürcüstanın xarici işlər nazirinin müavini, GUAM-ın baş katibi Valeri
Çeçelaşvili hesab edir ki, Rusiya ötən ay Gürcüstana hücumu ilə regionda
dominant rolunu itirib.
Cənab Çeçelaşvili "Amerikanın səsi"nə müsahibəsində Azərbaycanın da
GUAM-ın fəal üzvü və Gürcüstanın tərəfdaşı kimi, regiondakı qarşıdurmada
Tbilisinin yanında olduğunu vurğulayıb:
"Azərbaycan GÜAM-ın bütün üzv olkələri kimi, Gürcüstanın vacib
tərəfdaşıdır. Ötən ay Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı qonşu
Azərbaycana da böyük iqtisadi zərbələr dəyib".
Gürcüstanın xarici işlər nazirinin müavini diqqəti ona yönəldir ki,
siyasi maraqlardan başqa, Gürcüstanın vurulması həm də Azərbaycanın iqtisadi
maraqlarına mühüm təhdidlər yaradıb.
"Azərbaycan Türkiyədən sonra
Gürcüstanın ikinci ən iri ticarət partnyorudur. Ukrayna isə üçüncü. Bizim birgə iqtisadi nəqliyyat layihələrimiz
və enerji dəhlizimiz mövcuddur. Indi Rusiya təkcə Gürcüstana hücumu ilə
regionun iqtisadi əməkdaşlığını təhlükə altına salıb", -deyə Valeri Çeçelaşvili
bildirib.
Gürcüstanın xarici işlər nazirinin müavini hesab edir ki, Rusiya
Gürcüstanda hədəfə aldığı digər faktor bu ölkənin demokratiyası idi. Belə ki,
Moskva öz qonşuluğunda demokratiyanın kökünü kəsmək istəyirdi. Amma onun
firkincə, ruslar bunu bacara bilmədilər. Belı ki, Çeçelaşviliyə görə, indi
Gürcüstan əvvəlkindən daha demokratikdir.
Bununla yanaşı, Gürcüstanın xarici işlər nazirinin müavini deyir ki,
regionda sabitliyi əvvəlki halına qaytarmaq üçün daha çox işlər görülməlidir.
Onun sözlərinə görə, indiki Rusiya-Gürcüstan münasibətləri sadəcə olaraq,
Rusiyanın qonşusuna təcavüzünün çılpaq təzahürüdür. Buna baxmayaraq, cənab
Çeçelaşvili münasibətlərin əbədi olaraq belə zədəli qalmasına da tərəfdar
deyil. Çünki onun fikrincə, bundan təkcə gürcülər yox, bütünlükdə region əziyyət
çəkir.
Gürcüstanın xarici işlər nazirinin müavininə növbəti sualımız
Gürcüstanın ərazi bütövlüyünün yenidən bərpasının mümkünlüyü barədə oldu. Belə
ki, Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən tanınmasından sonra Kreml
rəsmiləri bu prosesin geridönməz olduğunu bildiririlər. Cənab Çeçelaşvili isə
ümidsiz deyil: "Ola bilsin ki, bu, Rusiyanın firkidir amma əsas budur ki bütün
beynəlxalq ictimaiyyət Gürcüstanın ərazi bütövlüyü tanıyır və dəstəkləyir. Bu,
bizim üçün olduqca vacibdir. Əgər dünya birliyi sona qədər öz mövqeyində təkid
edərsə, o zaman bir ölkənin özbaşına
qəbul etdiyi qərarlarının heç bir əhəmiyyəti qalmayacaq və bu proses tədricən
yoluna düşəcək" – decə Çeçelaşvili vurğuladı.
Gürcüstan diplomatı diqqəti habelə ona yönəldib ki, bu günlərdə GUAM
ölkələrinin BMT baş Assambleyasında elan etdiyi birgə bəyannamə də Gürcüstanın
ərazi bütövlüyünə qarant durur.
Onun
sözlərinə görə, heç bir amil beynəlxalq hüququn fundamental prinsiplərinin belə
kobudcasına pozulmasına haqq qazandıra bilməz.