Accessibility links

İranda Azərbaycanlı fəallara qarşı kütləvi həbslərə başlanılıb


İrandakı mənbələrdən aldığımız bilgilərə görə, dünən axşam saatlarında Tehranın Təhlükəsizlik İdarəsinin əməkdaşları azərbaycanlı fəallardan birinin paytaxt Tehranda yerləşən evində keçirilən İftar qonaqlığına hücum edərək, bir qrub azərbaycanlı fealı həbs edib.

"Oyrənci Neus" saytı, iftar tədbirini təşkil edən Səyyad Məhammədian evində həbs edilənlərin sayının ən azı 20 nəfər olduğunu qeyd edərək, onların bəzilərinin adlarını yayıb. Həmin qaynaq, həbs edilənlər arasında Səyyad Məhammədian, Həsən Raşidi, Əlirza Sərrafi, Mehdi Nəimi, Rubab Gərgəri, Abbas Nəimi, Kərəm Naccari, Farhad Rizayi, Məhəmməd Abbaspur, Yusif Huşyar, Hüseyn Heydəri, Şəhbaz İbrahimnejad, Səidə xanım İslami kimi tanınmış aydınların olduğunu bildirir.

"Təbrizin Səsi" xəbər sehifəsinin bildirdiyinə əsasən , həbs edilənlər arasında tanınmış Ərdəbilli feal, hal-hazırda İranın mərkəzində yerləşən Yəzd Şəhər həbsxanasında həbs-sürgün cəzasını çəkən Abbas Lisaninin xanımı Ruqəyyə Lisani və 3 azyaşlı uşaqları da var.

"Savalan Səsi" və APA isə cənab Lisaninin həyat yoldaşı Rüqəyyə Lisani və onun 3 övladının saatlarla sürən sorğu-sualdan sonra azad edildiyi xəbərini yayıb. Yada salaq ki, Beynelxalq Amnestia Təşkilatının vicdan məhbusu kimi tanıdığı Abbas Lisani "İran" adlı dövlət qəzetinin azərbaycanlıları təhqir edən karikaturasına qarşı 2006-ci ilin Mayında keçirilən kütləvi etirazlar zamanı həbs edilərək, Yəzd şəhəri həbsxanasına sürgün edilib.

Dünən həbs edilən fəalların harada saxlanılması barədə hər-hansı rəsmi açıqlama veriləməsə də, Tehrandakı məlumatlı mənbələr onların Tehranın Milli Təhlükəsizlik Baş İdarəsinin Mərkəzi Təcridxanasına aparıldıqlarını ehtimal etdikləri bildirilir.

Qeyd edək ki, Tehran hakimiyyəti adətən öz milli-mədəni haqları uğrunda fealiyyətlərlə məşğul olan azərbaycanlı fəaları İran Cəza Məcəlləsinin "İranın Milli Təhlükəsizliyini pozamağa cəhd" maddəsi ilə ittiham edir.

XS
SM
MD
LG