"Rusiya
Gürcüstandakı hərəkətlərinin əvəzini zamanla ödəyəcək". Bunu ABŞ dövlət
katibinin Avropa və Avrasiya regionları üzrə müavini Daniel Frid sentyabrın 9-da Konqresin
Xarici İşlər Komitəsində "Gürcüstan böhranından sonra Amerika-Rusiya
münasibətləri" mövzusunda keçirilən dinləmələrdə çıxış edərkən bildirib.
Cənab
Frid deyib ki, Rusiyanın artan təcridinin qiymətini dərk etmək üçün bu ölkənin
liderlərinə vaxt tələb olunacaq. Onun sözlərinə görə, xüsusilə son zamanlar
Rusiyanın qiymətli kağızlar bazarını milyardlarla dolların tərk etməsi bu
ölkənin davranışına görə, Gürcüstana zərbə endirməsinə görə ödəyəcəyi qiymətin
ilk əlamətlərindən biridir.
Konqresmenlərin
suallarına cavabda Frid bildirib ki, Amerika Gürcüstanın NATO-ya inteqrasiya
səylərini dəstəkləyir və region ölkələrinin ərazi bütövlünün qorunması üçün
əlindən gələni edəcək:
"Biz
inanırıq ki, Gürcüstan NATO ilə üzvlük fəaliyyət planını uğurla başa çatdıracaq
və növbəti mərhələlərə keçəcək. Amerika Gürcüstanın və regionun diğər
xalqlarının demokratik gələcəklərinin yanındadır".
Dinləmələrə
başçılıq edən konqresin Xarici İşlər komitəsinin sədri Havırd Berman bildirib
ki, son hadisələr Amerikanın Rusiya ilə münasibətlərinə yenidən baxması və
xarici siyasətdə dəyişikliklər etməsinə
yetərincə səbəb verib: "Bu gün biz 5 həftə əvvəl Gürcüstanda gözlənilməz
qəddarlıqla baş verən böhranın
nəticəsində Rusiya ilə Amerikanın gələcək münasibətlərini aydınlaşdırmalıyıq".
Cənab Berman Mixail Saakaşvilinin Rusiyanı qıcıqlandıraraq
əməliyyatlara başlamaq qərarını "dəhşətli səhv" adlandırıb. Eyni zamanda əlavə
edib ki, heç nə Rusiyaya qonşusunun suverenliyinə və ərazi bütövlüyünə təhdid
yaratmaq haqqı vermir.
Berman xatırladıb ki hərbi əməliyyatlardan 2 həftə sonra spiker
Pelosinin xahişi ilə gürcü xalqı ilə həmrəylik nümayiş etdirmək və yardımla
təmin etmək üçün üçün Tbilisidə olub.
"İndi bizim təcili cavablandırmalı olduğumuz sual bütün bunlardan sonra
Rusiya ilə gələcək münasibətlərimizin necə olacağıdır. Əgər Rusiyanın xarici
siyasətinin başlıca məqsədi Amerikanın diplomatik məqsədlərini pozmaqdırsa,
onda biz bir çox beynəlxalq çağırışlarda Moskvanın ümidverici müttəfiq
olacağını necə gözləyə bilərik?": - deyə komitə sədri vurğulayıb. Konqresmen
Robert Skott isə Daniel Friddən Avropanın və regionun enerji təhlükəsizliyinin təmini və gələcəkdə yeni təhdidlərdən qorunması barədə Vaşinqtonun planlarını soruşub. Frid isə
deyib ki, Amerika bu sahədə bütün ölkələrlə, xüsusilə də Azərbaycan və
Ermənistan kimi dövlətlərlə əməkdaşlıq edəcək.