Accessibility links

Ömər Engin Lütem: “Gül Yerevanda Qarabağ münaqişəsinin dərhal həllini istəyəcək”


"Abdulla Gül Yerevanda israrla Qarabağ münaqişəsinin dərhal həllini istəyəcək". Bunu "Amerikanın Səsi"nə müsahibəsində Ankaradakı Avrasiya Strateji Tədqiqatlar İnstitutunun Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Vatikan və YUNESKO-dakı keçmiş səfiri Ömər Engin Lütem bildirib.
O deyib ki, şənbə günü baş tutacaq səfərin futboldan başqa məqsədi yoxdur. "Sadəcə olaraq, Ermənistanla Türkiyə arasında uzun müddət bu səviyyədə təmas olmayıb. Və indi liderlər futbol matçından yararlanaraq, bu səfəri reallaşdırdılar".
Bir vaxtlar Türkiyənin Xarici İşlər Nazirliyində erməni araşdırmalarına başçılıq etmiş cənab Ömər Engin Lütem "Amerikanın Səsi"nə müsahibəsində diqqəti habelə buna yönəldib ki, Ankara çoxdan bəri Yerevanla tarixi problemlərini həll etmək üçün yol axtarır:
"Amma bu səfərlə problemlərin hamısının həll olunacağını gözləməyə dəyməz. Sadəcə bəlkə, bu səfər problemlərin həlli üçün uyğun mühit formalaşdıra bilər".
Qərb mətbuatı prezident Gülün Yerevana getməq qərarını iki ölkə arasında bir əsrə yaxındır ki, nəsildən nəsilə keçən düşmənçiliyə son qoyulması istiqamətində atılan "ilk ehtiyatlı addım" kimi qiymətləndirir.
Cənab Ömər Engin Lütem isə deyir ki, Türkiyə prezidentinin bu jesti daha çox Yerevanda yeni ümidlər yaradıb. Bu ümidlər Ermənistanın Türkiyə ilə münasibətlərinin inkişafı və iki ölkə arasında sərhəd qapılarının açılması ehtimalıdır. "Amma Bu səfər Türkiyənin Ermənistanla bağlı mövqeyini dəyişmir. Xüsusilə də Qarabağ məsələsi ilə bağlı Ankaranın mövqeyində heç nə dəyişməyib. Bu münaqişənin həlli ilə bağlı cüzi ehtimal belə olmasa, sərhəd açılmayacaq", - deyə keşmiş səfir vurğulayıb.
Ömər Engin Lütem onu da bildirib ki, Abdulla Gül Yerevandakı təmaslarında habelə uydurma erməni soyqırımı ilə bağlı ortaq komissiyanın yaradılması təklifini yenidən qaldıracaq.

XS
SM
MD
LG