Amerikanın vitse-prezidenti Dik Çeyni
Tbilisidə olarkən, Gürcüstana güclü dəstək ifadə edib. Ağ Evin dərc etdiyi
stenoqrama görə, prezident Mixail Saakaşvili ilə keçirdiyi brifinqdə cənab
Çeyni bildirib ki, Gürcüstan Amerikanın davamlı dəstəyinə və yardımına bel
bağlaya bilər.
«Amerikalılar son dörd həftə ərzində Gürcüstanın qarşılaşdığı
çətinlikləri yaxşı bilirlər. Qızılgül İnqilabından sonra, Amerika bu gənc və
cəsur demokratik dövlətin köməyinə gəldi. Siz öz suveren ərazinizin işğalı və
sərhədlərinizin zor yolu ilə dəyişdirilməsi istiqamətində qanunsuz, birtərəfli
cəhdlə mübarizə apararkən, biz bunu yenə də edirik", - deyə Amerikanın
vitse-prezidenti vurğulayıb.
Dik Çeyni bildirib ki, Gürcüstanın
müstəqilliyi və suverenliyi çox vacibdir. "Bu, aydındır, gürcülər azadlıq
uğrunda və başqa torpaqlarda azadlıq uğrunda can qoyublar. Bütün gürcülərin
azad yaşamaq haqqı var. Mən inanıram ki, gürcülərin qisməti azadlıqdır.
Gürcülərin qəlbində böyük cəsarət var. Amerikada onların möhkəm və sadiq
dostları var».
Cənab Çeyni əlavə edib ki, Rusiyanın bölgədəki hərəkətləri onun beynəlxalq
partnyor kimi etibarlılığına şübhə yaradıb. "Təkcə Gürcüstan yox, regionun hər
yeri və əslində, beynəlxalq aləmdə..."
Yüksək səviyyəli Amerika rəsmisi daha sonra ABŞ-ın Gürcüstana bir milyard dollar məbləğində yardım verəcəyini bəyan edib.
Gürcüstan prezidenti Mixail Saakaşvili isə dünya ictimaiyyətinin diqqətini
Abxaziya və Cənubi Osetiyadakı etnik təmizləməyə cəlb etməyə çağırıb.
Gürcüstanın dövlət başçısı deyib ki, əgər kimsə bu etnik təmizləmənin
nəticələrini leqallaşdırmaq arzusundadırsa, bu o deməkdir ki, o, insan
faciəsini leqallaşdırmaq istəyir: «Gürcüstanın iki ərazisində etnik təmizləmə
baş verib. Abxaziyadan son illər yerli əhalinin 80 faizindən çoxu qovulub,
Cənubi Osetiyadan isə son illərdə əhalinin üçdə ikisi etnik təmizləməyə məruz
qalıb».
Dik
Çeyni hazırda Ukraynadadır. Sonra o, İtaliyaya gedəcək.