"Qərbin Rusiyaya qarşı əlində tutduğu kartlar çox güclü deyil". Bunu "Amerikanın səsi" radiosunda keçirilən dəyirmi masada "Medli" İqtisadi Məsləhətlər Mərkəzinin eksperti Kaan Nazlı bildirib. Ekspert diqqəti ona yönəldib ki, Ümumdünya Ticarət Təşkilatı və NATO ilə əlaqələrin kəsilməsi Rusiya üçün o qədər vacib deyil.
Əksinə, onun fikrincə, Moskva Qərblə qarşıdurmada daha güclü görünür.
"Xüsusilə də enerji baxımından Avropa Rusyadan asılıdır. Köhnə Avropanın qaz qaynaqlarının 25 faizi, Şərqi Avropada isə 80 faizi Rusiyadan asılıdır. Buna görə də Avropanın Rusiya ilə bağlı kəskin qərar qəbul edəcəyi gözlənilmir", - deyə Kaan Nazlı vurğulayıb.
Bununla yanaşı ekspert deyib ki, Gürcüstanla müharibə Rusiya iqtisadiyyatına böyük zərər vurub, belə ki, birjada xeyli pul itkisi olub və inflyasiyanın artımı davam edir. "Amma bu proses qarşıdakı 6 ay üçün pis olacaq. Ümumilikdə isə, ölkənin enerji qaynaqları Rusiyanın iqtisadiyyatını uzun müddətli risklərdən mühafizə edir" – deyə ekspert bildirb.