Accessibility links

Pol Qobl: “Rusiya vasitəçilik etimadını itirib”


"Rusiya Qafqazdakı münaqişələrin həllində vasitəçilik etimadını itirib". Bunu "Amerikanın səsi" radiosuna müsahibəsində tanınmış ABŞ politoloqu,bir vaxtlar ABŞ Dövlət Departamentində SSRİ üzrə xüsusi müşavir işləmiş Pol Qobl deyib.Cənab Qobl hesab edir ki, xüsusilə Gürcüstandakı son hadisələrin fonunda artan siyasi ziddiyyətlər şəraitində Rusiyanın bu bölgədə vasitəçilik missiyasının effektivliyi minimuma enib. Qobl bildirib ki, indi çoxları Moskvanı Gürcüstana müdaxilə etdiyi üçün necə cəzalandırmaq barədə düşünürlər, halbuki başlıca məqsəd intiqam almaq yox, Rusiyanın təcavüzünün qarşısını almaq və belə hadisələrin təkrarlanmasına yol verməməkdir. "Çünki Moskvanın məqsədi təkcə Mixail Saakaşvilini devirmək yox, həm də keçmiş Sovet dominionu olan yaxın qonşuların gözünün odunu almaqdır", - deyə Pol Qobl vurgulayıb. Onun fikrincə Qərb bir neçə istiqamət üzrə işləməlidir: Rusiyanın təcavüzünə qarşı hərəkətlər, gələcək təcavüzlərin qarşısını almaq üçün regional tədbirləri gücləndirmək və Gürcüstanın dirçəlişini bərpa etmək.
Keçmiş Sovet İttifaqı ölkələri üzrə mütəxəssis olan Pol Qobl diqqəti habelə ona yönəldib ki, ötən həftə NATO xarici işlər nazirlərinin Gürcüstanın və Ukraynanın alyansa üzvlüyü məsələsinin gündəlikdə qalmasını elan etmələri Rusiyaya göstərdi ki, Rusiya , nə Alyansı, nə də Tbilisini qorxuda bilməyib. Onun fikrincə, Gürcüstan və regionun başqa ölkələri NATO üzvü olmasalar da, onların müdafiə sistemlərinin Amerika və NATO ilə sıx birliyinə nail olunması, Moskvanı Qərbin gələcək təcavüzlərə mümkün reaksiyası barədə tərəddüddə saxlayardı. Qobl Azərbaycanın da bu münaqişədən özü üçün bəzi nəticələr çıxarmalı olduğunu vurgulayıb. Belə ki, politoloqun fikrincə, son hadisələr Rusiya hökumətinin ümumilikdə qonşularına qarşı siyasətinin bir göstəricisidir.

XS
SM
MD
LG