Bu
gün
Pekin Olimpiya Oyunları çərçivəsində müxtəlif idman növləri üzrə 11 medal dəsti
verilir. Bu gün qazanılan ilk medalın sahibi rusiyalı Larisa İlçenko olub. O,
üzgüçülük üzrə 10 kilometrlik marafon yarışında qələbə çalıb. İlçenko bütün
müsabiqə boyu 2 Britaniya üzgüçüsündən geridə olsa da, sonda 59 dəqiqə, 27
saniyə göstərici ilə qalib gələ bilib. Bu gün sərbəst güləş üzrə 2 çəkidə də
olimpiya çempionları müəyyən olub. Döşək üzərinə çıxan iki idmançımız Emin
Əzizov və Çamsulvara Çamsulvarayev uğur qazana bilməyib. Onlar müvafiq olaraq
66 və 74 kiloqramda mübarizə aparıb. Emin Əzizovun çəkisində türkiyəli Şahin
Ramazan, 74 kiloqramda isə rusiyalı Buvaysa Saytiyev olimpiya çempionu adına
layiq görülüb. Hazırda Olimpiya cədvəlinə 45 qızıl medalla ev sahibi Çin
komandası başçılıq edir.