Bu gün ABŞ dövlət başçısı Corc Buş dövlət katibi Kondoliza Rays da daxil edilməklə, milli təhlükəsizlik komandası ilə müzakirələr keçirdikdən sonra Cənubi Osetiya və Abxaziyanın Gürcüstanın ərazisi olaraq qalacağını deyib. Texasda təşkil edilən mətbuat konfransında prezident Buş Rusiyanı bir daha atəşkəsə əməl edib, qüvvələrini Gürcüstandan çıxarmağa çağırıb. Bu gün Rusiya prezidenti Dmitri Medvedev qonşu Gürcüstanla münaqişəyə son qoyacaq atəşkəs razılığını imzalayıb. Prezident Medvedev sənədə bu gün Gürcüstan prezidenti Mixail Saakaşvilidən sonra imza atıb. Fransanın vasitəçiliyi ilə əldə edilən razılıq Rusiya qüvvələrini əvvəlki mövqelərinə qaytarır. Cənubi Osetiya və Abxaziyanın separatçı liderləri də atəşkəsə imza atıb.