ABŞ hökumətinin Beynəlxalq Din azadlığı məsələsi üzrə komissiyası din azadlığı hüququnu pozan ölkələr barədə 2008-ci il üçün hesabatını açıqlayıb. Panel Şimali Koreya, Eritreya, Səudiyyə Ərəbistanı və Özbəkistanla yanaşı, Birma, Çin və Sudanın bu siyahıda olması ilə Dövlət Departamenti ilə razılaşır. Ancaq Komissiya sədri Maykl Kromarti deyir ki, onun qrupu dövlət katibi Kondoliza Raysı bu ölkələr sırasına Pakistan, Türkmənistan və Vyetnamı da daxil etməyə çağırır: “Komissiya ya dini zorakılıqlar və repressiyaları azaltmadığı, ya da bu əməlləri törədənləri cəzanlandırmadığı üçün bu üç dövləti ittiham edir.”
Panel bu yaxınlarda Vyetnama səfər edərək, dini liderlərlə və hökumət rəsmiləri ilə də görüşüb. Dini liderlər komissiyanın üzvü Leonard Leoya deyiblər ki, Vyetnamdakı etnik azlıqlar - Buddistlər və Protestantlar tez-tez alcaldılır, döyülür və həbs edilir: “Komissiya Vyetnamda çoxsaylı dini məhbusun olmasından narahatdır. Onların günahı isə dini təlimlərini yaymaqdır”.
Dövlət Departamentinin cavabında deyilir ki, Vyetnam qara siyahından çıxmaq üçün son illərdə bu istiqamətdə müsbət addımlar atıb. Departamentin sözçüsü Tom Keysinin bildirdiyinə görə, Vyetnam məhbusları azadlığa buraxıb, kilsələri açıb, hansısa inamın məcburi qəbul olunmasına qadağa qoyub və bunlar da müsbət göstəricilərdir.
Səudiyyə Ərəbistanı isə artıq Dövlət Departamentinin siyahısındadır. Krallığa səfərdən sonra Komissiya bildirib ki, ölkə elə bu siyahıda qalmalıdır. Hesabatda Səudiyyə hökumətinin dini tolerantlıqla bağlı verdiyi vədə əməl etmədiyi bildirilir.
Beynəlxalq Din Azadlığı məsələsi üzrə komissiyası zorakılıqların az qeydə alındığı ölkələrin siyahısını da açıqlayıb. Bunlara Əfqanıstan, Banqladeş, Belarus, Kuba, Misir, İndoneziya və Nigeriya daxildir.
Maykl Kromartinin sözlərinə görə, qrup müsəlman olmayanların sünni yaraqlılar və əcnəbi ekstremistlər tərəfindən zorakılıqlara məruz qaldığı İraqda dini azadlığın səviyyəsindən ciddi narahatdırlar.
Komissiya üzvləri bu ay İraqa səfər etməyi planlaşdırır və onların bu yaxınlarda daha ərtaflı şərhlər verəcəyi gözlənilir.